BAKI, 26 sentyabr. TELEQRAF
“Bu il 195 şəhid və qazi övladı ali məktəblərə qəbul olub. Onlardan 49 nəfər 500-dən yuxarı, 9 nəfər isə 600-dən çox bal toplayıb”.
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə şəhid övladlarının iştirakı ilə keçirilən “Peşə seçimi” alətinin təqdimat mərasimində deyib.
O qeyd edib ki, qiymətləndirmə aləti artıq Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla yoxlanılıb və praktiki səmərəliliyi təsdiqlənib.
“Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının, şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim yad edilir. Şəhidlərin ailə üzvləri və qazilərimiz həmişə dövlətin diqqət və qayğısı ilə əhatə olunub".
O qeyd edib ki, “Peşə seçimi” alətinin testləri bilik, bacarıq, maraq və fərdi xüsusiyyətlərə əsaslanaraq şəxsə uyğun peşə istiqamətinin müəyyən edilməsi məqsədilə istifadə olunur.
"İştirakçı testi bitirdikdən sonra dərhal nəticələr göstərilir və ona uyğun peşələr təqdim olunur. Beləliklə, siz hansı sahəyə daha uyğun ola biləcəyiniz haqqında məlumat əldə etmiş olursunuz.
Ümid edirəm ki, şagirdlər üçün nəzərdə tutulan bu alət peşə və ixtisas seçimində onlara yaxın köməkçi ola biləcək və öz qabiliyyətlərini düzgün qiymətləndirib istəklərinə uyğun qərar qəbul verə bilmələri üçün faydalı olacaq”,- sədr bildirib.