BAKI, 26 noyabr. TELEQRAF

BMT Təhlükəsizlik Şurası və Baş Assambleya təşkilatın yeni baş katibinin seçilməsi prosesinə rəsmən start verib.

Teleqraf xəbər verir ki, bu barədə noyabr ayında TŞ-yə sədrlik edən Syerra-Leonenin BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

Qeyd olunur ki, sənəd namizədlərin irəli sürülməsi, onların seçilməsi və növbəti baş katibin təyinatı prosesinin başlanması məqsədi daşıyır. BMT tarixində bu vəzifəyə heç vaxt qadının seçilməməsi təəssüf hissi ilə vurğulanır və üzv dövlətlərə qadın namizədlərin irəli sürülməsinin ciddi şəkildə nəzərdən keçirilməsi tövsiyə olunur. Sənəddə həmçinin regional müxtəlifliyin mühüm əhəmiyyət daşıdığı bildirilir.

Baş katib postuna namizədliyi yalnız üzv dövlətlər irəli sürə bilər və hər ölkə ən çoxu bir namizəd təklif edə bilər. Namizədlər öz proqramlarını, BMT-nin gələcək inkişafına dair baxışlarını və gəlir mənbələri barədə məlumat təqdim etməlidirlər. Əgər namizəd BMT sistemində çalışırsa, maraqlar toqquşmasının qarşısını almaq üçün seçki kampaniyası dövründə işini dayandırması tövsiyə edilir.

Yeni baş katibin seçilməsinin gələn ilin iyul ayının sonunda keçirilməsi planlaşdırılır. Hazırda iki nəfər Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi və BMT-nin Ticarət və İnkişaf Konfransının rəhbəri Rebeka Qrinspan vəzifəyə iddia etdiyini açıqlayıb.

Mövcud baş katib Antoniu Quterreşin səlahiyyət müddəti 31 dekabr 2026-cı ildə başa çatacaq. BMT baş katibi Təhlükəsizlik Şurası tərəfindən seçilir və Baş Assambleya tərəfindən təsdiqlənir. Səlahiyyət müddəti beş ildir və yenidən seçilmək mümkündür.