BAKI, 15 noyabr. TELEQRAF
Özbəkistan və Qazaxıstan yeni nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində əməkdaşlıq edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yüklərin Qazaxıstanın Aktau və Kurık limanları, eləcə də Çin sərhədində yerləşən Xorqos quru limanı vasitəsilə daşınması təşviq olunacaq.
"Razılaşmalar Şavkat Mirziyoyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqları zamanı əldə olunub. Liderlər nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsini prioritet istiqamət kimi qeyd ediblər. Tərəflər Üçquduq-Qızılorda marşrutu da daxil olmaqla yeni nəqliyyat dəhlizlərinin yaradılmasının vacibliyini vurğulayıblar. Bununla yanaşı, Xəzər dənizində yerləşən Aktau və Kurık limanlarında, eləcə də Xorqos quru limanında yükdaşımaların artırılması üzrə birgə işlərin davam etdiriləcəyi bildirilib",- məlumat deyilir.