BAKI, 12 oktyabr. TELEQRAF

Rusiya ordusunun hücumları nəticəsində Ukraynanın Donetsk vilayəti elektrik enerjisiz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat yayıb.

Onun sözlərinə görə, səhər saatlarında Rusiya qoşunları vilayətin enerji infrastrukturu obyektlərini növbəti dəfə hədəfə alıb.

“Mütəxəssislər artıq bərpa işlərinə başlayıblar və elektrik təchizatını mümkün qədər tez bərpa etmək üçün əlindən gələni edirlər. Lakin dəymiş ziyanın miqyası və tam bərpa müddəti hələ müəyyən edilməyib”, – Filaşkin bildirib.

Rəsminin sözlərinə görə, bölgədə istilik, işıq və internetlə təmin edilmiş məntəqələr fəaliyyət göstərir.

Qeyd edək ki, oktyabrın 11-də Rusiya ordusu Odessa vilayətinə genişmiqyaslı raket zərbələri endirib. Nəticədə enerji infrastrukturu obyektləri zədələnib və 44 yaşayış məntəqəsi işıqsız qalıb.