BAKI, 8 oktyabr. TELEQRAF

Avropa İttifaqına (Aİ) üzv dövlətlərin səfirləri 2028-ci ildən etibarən Rusiya qazı və neftinin alınmasına qadağa qoyulmasını nəzərdə tutan Avropa Komissiyasının planını ilkin mərhələdə razılaşdırıblar.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" diplomatik mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, razılaşdırılmış sənəd Aİ Şurasına təqdim edilib.

"Macarıstan və Slovakiya sənədlə bağlı müəyyən etirazlarını davam etdirsələr də, bu qərar Aİ-nin sanksiya siyasətinə deyil, ticarət siyasətinə aid olduğu üçün onun təsdiqi üçün yekdillik tələb olunmur. Sənədin qəbuluna ixtisaslaşdırılmış çoxluq səsverməsi ilə qərar veriləcək",- məlumatda deyilir.

Qeyd edilib ki, planın oktyabrın 20-də keçiriləcək Aİ Şurasının iclasında asanlıqla təsdiqlənəcəyi gözlənilir.