BAKI, 25 iyul. TELEQRAF

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Doroti Şi Çini Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirməyi dayandırmağa çağırıb. Buna cavab olaraq Çin tərəfi Vaşinqtonu günahı başqalarının üzərinə atmaqda ittiham edib.

Teleqraf “Reuters”ə istinadən xəbər verir ki, bu mübahisə BMT Təhlükəsizlik Şurasının (TŞ) Ukrayna ilə bağlı iclası zamanı baş verib.

Bildirilir ki, Şi bütün ölkələri, o cümlədən Çini Rusiyaya ikili təyinatlı malların ixracını dayandırmağa çağırıb. Vaşinqton əmindir ki, bu mallar Rusiyanın hərbi-sənaye kompleksinin inkişafına kömək edir və ona Ukraynaya zərbələr endirməyə imkan verir.

"Pekinin ikili təyinatlı malların ixracına sərt nəzarət tədbirlərinin tətbiqi ilə bağlı bəyanatları, Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi pilotsuz uçuş aparatlarında (PUA), silahlarda və nəqliyyat vasitələrində Çin istehsalı olan komponentlərin hər gün aşkar edilməsi fonunda mənasız görünür", - Şi bildirib.

Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Gen Şuan isə ölkəsinin Ukraynada müharibəni başlatmadığını və münaqişə tərəfi olmadığını söyləyib.

"Çin heç vaxt öldürücü silahlar tədarük etməyib və hər zaman ikili təyinatlı malların, o cümlədən dronların ixracını ciddi şəkildə nəzarətdə saxlayıb", - o əlavə edib.

Həmçinin Gen Şuan ABŞ-ni Rusiya-Ukrayna müharibəsi üçün günahı başqa ölkələrin üzərinə atmaqda ittiham edib. O, ABŞ-ni "atəşkəsin təmin edilməsində daha konstruktiv rol oynamağa" çağırıb.