BAKI, 23 iyun. TELEQRAF

İranın cavabının vaxtını, xarakterini və miqyasını onun Silahlı Qüvvələri müəyyən edəcək.

Teleqraf xəbər verir ki, bunu İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) səfiri Əmir-Səid İrəvani BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında bildirib.

"Beynəlxalq axtarışda olan müharibə cinayətkarı Netanyahu bir daha ABŞ-nin xarici siyasətini ələ keçirməyə və onu daha bir bahalı, əsassız müharibəyə sürükləməyə nail oldu", - o söyləyib.

O, ABŞ-ni "bir daha, məsuliyyətsiz şəkildə" öz təhlükəsizliyini "sadəcə Netanyahunu qorumaq üçün qurban verməyi" seçməkdə ittiham edib və Tehranın özünü təcavüzdən müdafiə etmək üçün "qanuni hüquqa" malik olduğunu vurğulayıb.

İran həmçinin nüvə danışıqları ilə bağlı "diplomatiya təklifini" "beynəlxalq ictimaiyyəti çaşdırmaq siyasəti" adlandıraraq rədd edib.

"İran iyunun 15-də ABŞ ilə diplomatik əlaqələrin növbəti mərhələsinə hazırlaşırdı, lakin bu danışıqlar baş tutmazdan iki gün əvvəl İsrail İrana zərbə endirdi. Əslində, İsrail diplomatiyanı məhv etməyə qərar verdi. Dırnaqarası diplomatiya təklifi beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün aldadıcı siyasətdən başqa bir şey deyildi", - o deyib.

İran BMT TŞ-dan ABŞ və İsrailin "ədalətsizlik və kobud pozuntularına" qarşı "dərhal hərəkətə keçməyi" tələb edib və bildirib ki, qurumun bunu etməməsi onun "etibarlılığını və əhəmiyyətini" itirməsi deməkdir.