
BAKI, 23 iyun. TELEQRAF
Çin ABŞ-nin İranın nüvə obyektlərinə hücumunu pisləyir və atəşkəsə çağırış edir.
Teleqraf xəbər verir ki, bu barədə Çinin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) səfiri Fu Conq BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında bildirib.
O bildirib ki, Çin, Rusiya və Pakistan tərəfləri "dərhal və qeyd-şərtsiz atəşkəsə, mülki şəxslərin müdafiəsinə, beynəlxalq hüquqa hörmət edilməsinə, dialoq və danışıqlara başlamağa dəvət edən" qətnamə layihəsi təklif edib.
Fu Conq ABŞ-ni BMT Nizamnaməsini, "beynəlxalq hüququ, eləcə də İranın suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü" pozmaqda ittiham edib, eyni zamanda Yaxın Şərqdə gərginliyi artırmaqda və "beynəlxalq nüvə silahlarının yayılmaması rejiminə ağır zərbə" vurmaqda ittiham edib.
Çin səfiri həmçinin bütün tərəfləri beynəlxalq hüquqa riayət etməyə çağırıb.
"Münaqişə tərəfləri, xüsusilə İsrail, eskalasiyaya yol verməmək və müharibənin yayılmasının qarşısını qətiyyətlə almaq üçün dərhal atəşkəsə nail olmalıdır. Tərəflər beynəlxalq hüquqa riayət etməli, güc tətbiq etmək impulsunu cilovlamalı və münaqişələri kəskinləşdirməkdən çəkinməlidirlər", - o əlavə edib.