BAKI, 22 iyul. TELEQRAF

Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılıb.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzlayıb.

Sərəncamda qeyd olunub ki, beynəlxalq ikili diplom proqramlarının tətbiqinin əsas hədəfləri qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq yeni nəsil mütəxəssislər yetişdirmək, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini müasirləşdirmək, transmilli təhsil modelinin Azərbaycan Respublikasında tətbiqi yolu ilə uğurlu nəticələr əldə etməkdir.

Azərbaycan Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq hazırda 6 beynəlxalq ikili diplom proqramı icra olunur.

İnkişaf etmiş təhsil sisteminə malik ölkələrlə ikili diplom proqramlarının dəstəklənməsi, xüsusilə, beynəlxalq reytinqlərdə yüksək mövqe tutan xarici ali təhsil müəssisələri ilə ikili diplom proqramlarının sayının artırılması Azərbaycanın vətəndaşı olan istedadlı, yüksək intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri ilə seçilən perspektivli gənclərin beynəlxalq təcrübə əldə etmələrinə imkan və ikili diplom proqramları çərçivəsində birgə elmi fəaliyyətin genişlənməsinə zəmin yaradacaqdır.

Qeyd olunub ki, ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq 8-ə çatdırılmalı və onların icrası 2030-cu ilədək təmin edilməlidir.

Mövcud və yeni tətbiq ediləcək beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi Dövlət Neft Fondunun vəsaiti hesabına təmin olunacaq.

Nazirlər Kabineti 4 ay müddətində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi qaydasını təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir.

Həmçinin qeyd olunan müddətdə beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi qaydası, proqramlarının həyata keçirilməsi üzrə tədbirlər planını barədə məlumatlar dövlət başçısına təqdim olunmalıdır.

Sözügedən qurum həmçinin sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Sərəncamda qeyd olunub ki, Elm və Təhsil Nazirliyi beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimini bu Sərəncamın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan qaydaya uyğun həyata keçirəcək.

Hər növbəti tədris ili üçün beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsinə tələb olunan vəsaitin həcmini Azərbaycan Dövlət Neft Fondu ilə razılaşdırmaqla müəyyən olunacaq.

Nazirlik Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.