BAKI, 24 iyun. TELEQRAF

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydası dəyişib.

Qeyd olunub ki, elektron kabinet verilmiş şəxsin kabinetinin ləğv olunma halları müəyyənləşir və həmin şəxsin göstərmiş olduğu vasitələrdən biri ilə (elektron poçt ünvanı, mobil telefon nömrəsi, poçt ünvanı) ona 5 (beş) iş günü müddətində bu barədə məlumat göndərilir.

Həmin hallar aşağıdakılardır:

- Azərbaycan Prezidentinin müvafiq aktı ilə şəxsin bu Qaydanın 2.1-ci bəndində müəyyən edilmiş şəxslər kateqoriyasına aid olması halı ləğv edildikdə;

- elektron kabinet verilmiş şəxsin bu Qaydanın 5.3.3-cü yarımbəndinə uyğun olaraq göstərdiyi, şəxsin bu Qaydanın 2.1-ci bəndində müəyyən edilmiş şəxslər kateqoriyasına aid olması barədə məlumatlarda təhrifetmə halları məhkəmə tərəfindən müəyyən olunduqda.

Bundan başqa, “Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçildikdən sonra onun dəyərini öz vəsaiti hesabına əldə etmək niyyətini bildirmiş ərizəçinin seçdiyi ödəniş üsulunun ipoteka krediti hesabına ödəniş üsuluna dəyişdirilməsinə yol verilməyəcək.