BAKI, 31 avqust. TELEQRAF
“Əfqanıstan qonşu ölkələr üçün təhlükə yaratmır və bu barədə verilən açıqlamalar əsasən əsassızdır”.
Teleqraf xəbər verir ki, bunu Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid KTMT baş katibi Talatbek Masadıkovun müvafiq açıqlamasını şərh edərkən deyib.
Mücahid bildirib ki, Əfqanıstan təhlükəsizlik qüvvələri ölkənin sərhədlərinə tam nəzarət edir və öz ərazilərində təhlükəsizlik yüksək səviyyədə təmin olunub:
“Əfqanıstana düşmən olan bəzi ölkələrin kəşfiyyat orqanlarının qonşuları ilə gərginlik yaratmaq üçün bu təşkilata (KTMT - red.) yalan və etibarsız məlumatlar verməsi mümkündür”.
KTMT baş katibi bundan əvvəl Tacikistanın sərhədlərini möhkəmləndirmək üçün lazım olan silah və avadanlıqların siyahısının artıq razılaşdırıldığını və ilk tədarüklərin bu payızda gözlənildiyini açıqlamışdı. Masadıkov sərhəd təhlükəsizliyini təkcə Tacikistan üçün deyil, həm də bütün KTMT üzvləri üçün “son dərəcə vacib” adlandırmışdı.