BAKI, 27 noyabr. TELEQRAF

Avstraliya hökuməti uzun müddət ölkənin müxtəlif qurumları ilə aparılan müzakirələrdən sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) “dövlət terrorizmi” siyahısına daxil edib.

Teleqraf xəbər verir ki, SEPAH-ın 2024-cü ildə Avstraliyada yəhudi icmasına qarşı hücumların planlaşdırılmasından məsuliyyət daşıdığı bildirilib.

Avstraliya hökuməti vurğulayıb ki, SEPAH Cinayət Məcəlləsinə dəyişiklik (terrorizmi dəstəkləyən dövlətlər) qanununa əsasən terror təşkilatları siyahısına əlavə olunub. Bu, Kanberranın yeni çərçivədən istifadə edərək bir xarici bir təşkilatı “dövlət terrorizmi” siyahısına daxil etdiyi ilk haldır.

Avstraliya hökuməti sentyabrda Tehranın ən azı iki antisemit hücumda rolunun sübuta yetirilməsindən sonra İran səfirinin ölkədən çıxarıldığı, Avstraliyanın Tehrandakı səfirliyinin fəaliyyətinin dayandırıldığı və SEPAH-ın terror təşkilatları siyahısına salınacağını planlaşdırdıqlarını bəyan etmişdi.

Yeni qanuna görə, terrorizmi dəstəkləyən dövlətlərlə hər cür əməkdaşlıq, təmas, cəlbetmə, təlim keçmə, maliyyə yardımı göstərmə və ya onlardan vəsait almaq cinayət hesab olunur və 25 ilə qədər həbs cəzası ilə nəticələnə bilər.