BAKI, 29 may. TELEQRAF

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ölkə konstitusiyasına dəyişiklik edilməsinə və prezident idarəetmə sisteminin tətbiqinə qarşı olduğunu bir daha bəyan edib.

Teleqraf xəbər verir ki, Monqolustan dövlətinin başçısı bunu siyasətçilər və ictimaiyyətin belə bir ehtimalı müzakirə etməyə başlaması ilə bağlı deyib.

“Mən əvvəllər də bəyan etmişəm və mövqeyim heç dəyişməyib, konstitusiyaya düzəlişləri dəstəkləməyəcəyəm. Monqolustan parlament idarəçiliyi olan ölkədir və onu gücləndirməliyik. Ölkənin müstəqilliyini, milli təhlükəsizliyini və xalqın birliyini təmin etmək üçün demokratik idarəçiliyi təkmilləşdirmək lazımdır”, - Xerelsux bildirib.

Dövlət başçısı xatırladıb ki, o, baş nazir olarkən (2017-2021-ci illər) öz fikrini açıq bəyan edib.

Qeyd edək ki, Uxnaaqiyn Xurelsux Monqolustanın altı illik müddətə seçilən ilk prezidentidir. Bu, 2019-cu ildə ölkə konstitusiyasına dəyişiklik edildikdən sonra baş verib. Konstitusiyaya görə, siyasətçi yalnız bir altı il müddətinə ən yüksək dövlət vəzifəsini tuta bilər. Əvvəllər prezident birbaşa ümumxalq səsverməsi yolu ilə dörd il müddətinə seçilirdi və daha bir müddətə yenidən seçilə bilərdi. Monqolustanın 2017-ci ildə seçilən əvvəlki prezidenti Xaltmaaqiyn Battulqa dəyişiklikdən sonra 2021-ci il seçkilərində iştirak edə bilməyib.