|
Müsəlmanların müqəddəs kitabı Qurani-Kərimdə Azərbaycan sözü işlənib. Bəli, Səmavi kitabda “Azərbaycan” kəlməsinin keçdiyi bir ayə var.
Bu sensasiyalı açıqlamanı “Həftə Sonu”ya uzun müddət Misirin Baş müftisinin köməkçisi vəzifəsində çalışmış, İrsi canlandırma mərkəzinin baş direktoru, Misirdə yaşayan azərbaycanlı alim Seymur Nəsirov deyib. Onun bu iddiasını təsdiq edən mötəbər mənbələr də var.
Dünya şöhrətli ərəb alimi İbn Aşur “Təhrir və Tənvir” kitabında müqəddəs Qurani-Kərimdə cənnətdən bəhs olunarkən Azərbaycan xalçasına eyham edildiyini bildirir. İbn Aşur surədə cənnətin Azərbaycan xalçaları ilə döşəndiyi haqda məlumat verildiyini sübut edir. Seymur Nəsirovun sözlərinə görə, müəllif Qaşiyə surəsinin on altıncı ayəsini şərh edərkən yazır ki, burada işlənən “zərabiy” “zərbiyə” kəlməsinin cəmi olaraq, boyanmış, yumşaq yundan toxunmuş kilim və ya xalçadır. Xalçanı varlı və maddi imkanı yüksək olan insanların bəzək və üzərində oturmaq üçün yerə sərdiklərini yazan İbn Aşur “Zərbiyə” kəlməsinin ərəb dilinə xas inversiya olunmuş formada Buxara ölkələrindən olan Azərbaycana işarə edildiyi qənaətindədir. Seymur Nəsirov, “Zərbiyyə” kəlməsinin kar “z” samiti ilə işlənən “Əzribiyyə”yə işarə olduğunu yazan alimin “a” hərfinin silinməsinin tələffüzü asanlaşdırmaq üçün ərəb dilində geniş yayılmış fonetik praktika olduğuna diqqət çəkir. Alimin sözlərinə görə, ərəb dilinin fonetik quruluşu və qrammatikası baxımdan güclü dəlillər gətirən İbn Aşurun bu təfsiri ilə hamı hesablaşır. Digər tərəfdən də, həqiqətən, Azərbaycanın qədim xalçaçılıq sənətinin dünyada şöhrət qazandığını və bu ənənələrin günümüzə qədər gəlib çıxdığını nəzərə alsaq, burada güclü əsasın olduğunu görərik.
Alimin sözlərinə görə hədislərdə daha bir Azərbaycan sözünün işlənməsi Qurandakı bir ayənin izahı ilə bağlıdır «Qurani-Kərim»də bir ayət var ki, siz onu oxusanız Savalan dağının üzərinə düşən hər bir damla qar ədədi qədər sizə savab verəcək Allah. Səhabələr soruşur ki, ya Rəsullah Savalan dağı hardadır? O da “Savalan dağı Azərbaycan tərəfindədir”, deyir. “O tərəflərdədir”. Azərbaycan adını Peyğəmbər sələvatullah zikr edir”.
Seymur Nəsirov uzun illərdir ki, Misirdə yaşayayır və orada elmi fəaliyyətlə məşğul olur. 13 ildən artıqdır ki, Misirin Baş Müftisi Şeyx Əli Cümənin xarici tələbələr üzrə köməkçkisidir. Onun elmi fəaliyyətinin istiqaməti ərəb, xüsusilə də Misir mənbələrində Azərbaycana, onun tarixinə, mədəniyyətinə aid olan izləri tapıb aşkara çıxarmaq və özümüzə eləcə də dünyaya tanıtmaqdır. Məsələn o uzun illər elmi araşdırmalarının bəhrəsi olan Misir tarixində 100 Azərbaycan əsilli alimi üzə çıxarması Azərbaycan elmində böyük hadisədir. Seymur Nəsirov öz kitabında XV əsrdə Misirin baş hakimi olan Fəthullah İbn Nəfisin, XIV əsrdə Misirin Qazilər qazisi, yəni baş hakimi vəzifəsində işləyən, Əftələddin Əl-Xuncinin də Azərbaycan əsilli olduğunu elm aləminə sübut edib.
Uzun bir dövr ərzində Azərbaycan tarixi İslam – ərəb dünyası ilə bağlı olduğu üçün İslam mədəniyyətinin mərkəzi hesab olunan digər şəhərlərin kitabxanalarında və elm mərkəzlərinin arxivlərində Azərbaycana aid çoxsaylı mənbələr var. Sovet dövründə Azərbaycan alimlərinə bu mənbələrlə daha yaxından işləməyə lazımi şərait yaradılmamışdı və ideoloji əsasda məhdudiyyətlər qoyulmuşdu. Bir çox hallarda Azərbaycan tarixi, ədəbiyyatı və incəsənəti ilə bağlı olan məlumatlar Moskva və indiki Sankt-Peterburq şərqşünaslıq məktəbləri vasitəsilə Azərbaycana çatdırılmışdır ki, burada da siyasi-ideoloji əsasda təhriflərə yol verilmiş və məhdudiyyətlər tətbiq olunmuşdu. Bu mənbələrin yenidən tədqiqi ilə Azərbaycan tarixinə və ədəbiyyatına bəlli olmayan adlar və faktlar ortaya çıxa və yaradıcılığı haqqında səthi məlumatlar olan Azərbaycan ədiblərinin yeni əsərləri və ya onlara istinadlar aşkarlana bilər.(atv.az)