Həbsdə olan İmanov Natiq Tofiq oğlu beynəlxalq insan haqları təşkilatlarına müraciət edib. TİA.Az-a daxil olan müraciətində N.İmanov deyir ki, 2018-ci ildə Dövlət Gömrük Komitəsinə yeni rəhbər təyin olunduqdan sonra onun şəxsi maraqlarının qurbanı olub. Məhbus bildirir ki, 2006-cı ildən işlədiyi Dövlət Gömrük Komitəsində vəzifələrindən biri gömrük orqanlarında maliyyə sahəsində baş verən nöqsanları aşkara çıxarmaq olub: “Bu da gömrük rəhbərliyinin maraqlarına uyğun olmayıb. Bu səbəbdən gömrük əməkdaşlarının təhrikedici hərəkətləri nəticəsində beş il müddətinə azadlıqdan məhrum olunmuşam.
Barəmdə keçirilən məhkəmələrə kənar müdaxilə olduğundan ədalətli mühakimə hüququmdan məhrum olmuşam. Aidiyyəti dövlət orqanlarına əsaslandırılmış faktlarla göndərdiyim müraciətlərin heç bir müsbət nəticəsi olmayb. Ombudsman daxil olmaqla, heç bir dövlət orqanı şikayətlərimdə göstərilmiş halların araşdırılmasına cəhd etməyib. Sizdən pozulmuş hüquqlarımın bərpa olunmasına və adımın “siyasi məhbuslar” siyahısına salınmasına köməklik göstərməyinizi xahiş edirəm”. 2006-cı ildən etibarən Dövlət Gömrük Komitəsində (DGK) xidmət edib. Rəhbərlik tərəfindən təşəkkür, fəxri fərmanlarla, xüsusi rütbələrlə və nəhayət, 2016-cı ildə “10 illik qüsursuz xidmətə görə döş nişanı” ilə təltif olunub. Cinayət materiallarından məlum olur ki, DGK-nın Əməliyyat İdarəsinin rəis müavini vəzifəsinə yeni təyin olunmuş Rafael Əhmədov və dostu Mansur Zeynalov Natiq İmanovun həbs olunmasında əsas şahiddirlər. Şahid ifadələri Natiq İmanovun rüşvət aldığını təsdiqləsə də, təqsirləndirilən şəxs əksini söyləyir. İfadəsindən belə məlum olur ki, iş yoldaşı kimi yaxın münasibəti olduğu Mansur Zeynalov ona zəng edərək görüşmək istədiyini deyib. Görüşdə isə rayona gedəcəyini bildirib və şəxsi pulunu ona əmanət edib. Natiq İmanov da həmin pulla yaxalanıb. Sonradan müdafiə tərəfi Rafael Əhmədovla Mansur Zeynalovun birgə planı nəticəsində əməliyyatın həyata keçirildiyi qənaətinə gəlib.