|
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Aqil Alışovun xatirəsini əbədiləşdirmək məqsədi ilə Kürdəmir rayon Qarabucaq qəsəbəsində yaşadığı evin qarşısına onun barelyefi vurulub.
Sozcu.az-ın xəbərinə görə, tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Ələsgərli, rayon veteranlar şurasının sədri Məhəmməd Hidayətov, Qarabucaq qəsəbəsinin icra nümayəndəsi İlham Allahverdiyev, "Teleqraf İnformasiya Agentliyi"nin təsisçisi Xəzər Teyyublu, şəhidin döyüş yoldaşları Gəray Həsənov və Seymur Seyidov iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Ələsgərli çıxış edrək dövlətin şəhid və qazi ailələrinə diqqətindən danışıb işğal altında olan torpaqların azad ediləcəyini vurğuladı.
Tədbirdə Qarabucaq kənd məktəbinin şagirdləri şəhidlərə həsr edilmiş şerləri oxudular.
Çıxış edən "Teleqraf İnformasiya Agentliyi"nin təsisçisi Xəzər Teyyublu bildirdi ki, "o zaman şəhidlərimizin ruhları şad olacaq ki, torpaqlarımız azad ediləcək".
Şəhid Aqil Alışovun qardaşı İlham Alışov çıxışında tədbirə qatılanlara təşəkkür etməklə bərabər, torpaqlarımızın azadlığı uğrunda başlayacaq savaşa hər zaman hazır olduğunu bildirdi.
Tədbirdə Şəhidin döyüş yoldaşları Aqil Alışov haqqında xatirələrini bölüşdülər.
Tədbirin sonunda şəhidlərin adına ehsan süfrəsi açıldı.
Şəhid çavuş Aqil Alışov 1973-ci ilin noyabr ayının 26-da rayonun Qarabucaq kəndində anadan olub, 1990-cı ildə Qarabucaq kənd tam orta məktəbini bitirib. 1992-ci ildə hərbi xidmətə gedən Aqil, Vətənin ağır günündə ön cəbhəyə yollanıb . O, pulemyot batalyonunda Ağdam, Laçın rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş, öz sücaəti ilə bir çox döyüş yoldaşlarını xilas etmişdir. Elə bu qəhramanlıqlarına görə də cəbhə yoldaşları ona “Nəbi” adını vermiblər.
Sonda şəhidin qardaşı İlham Alışov və anası Nahizə Alışova onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Elşən Əlisoy
Fotolar müəllifindir