|
Oktyabrın 7-də Rusiya prezidenti Vladimir Putin ölkəsi ilə Ermənistan arasında imzalanmış hərbi sazişi təsdiq üçün Dövlət Dumasına göndərib.
Teleqraf.az Novator.az-a istinadən xəbər verir ki, iki ölkənin müdafiə nazirləri ötən il dekabrın 23-ü Qafqaz bölgəsində hava hücumundan müdafiə birləşmiş sisteminin yaradılması haqqında saziş imzalayıblar. Sazişi Ermənistan parlamenti bu ilin iyun ayında ratifikasiya edib.
Qafqaz bölgəsində hava hücumundan müdafiə birləşmiş qüvvələrinə ümumi rəhbərliyi Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanı həyata keçirəcək.
Novator.az bildirir ki, bəzi keçmiş SSRİ ölkələrinin 1995-ci ildə imzaladığı müqavilə hava hücumundan müdafiə birləşmiş sisteminin yaradılmasını nəzərdə tutur. Hazırda sistemə 8 ölkə daxildir: Rusiya, Ermənistan, Belarus, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan. Sistemin birgə fəaliyyətini Rusiya Hava Kosmik Qüvvələrinin baş komandanı əlaqələndirir.
Hava hücumundan müdafiə birləşmiş sisteminə aviasiya, zenit-raket qoşunları, radiotexnika qoşunları hərbi hissələri və başqa hərbi strukturlar daxildir.