|
Bir sıra yerli saytlar Avroviziya-2016 müsabiqəsinin qalibi Camalənin adından belə bir açıqlama yayıblar: "Müsəlman və tatar olsam da, damarımda axan qanın yarısı erməni qanıdır və deyə bilərəm ki, erməniyəm. Erməniləri, Ermənistanı çox sevirəm. Qələbəmi ermənilərə də həsr edirəm...".
Azərfaks-ın əməkdaşı Ukraynanın UNİAN agentliyinə istinad olunan xəbərlə bağlı kiçik bir araşdırma aparıb. Məlum olub ki, ukraynalı ifaçı nə Avroviziya-2016 müsabiqəsindən əvvəl, nə də müsabiqədən sonra belə bir açıqlama verib. Ümumiyyətlə, onun müsahibələrində hansısa millətə olan sevgisi barədə hər hansı vurğuya rast gəlinmir.
Qeyd edək ki, UNİAN agentliyi həqiqətən də müğənninin müsahibəsini yayımlayıb. Lakin orada bizim saytlarda yer almış cümlələr yoxdur. Həmin müsahibə ilə buradan tanış ola bilərsiniz:
http://www.unian.net/society/1345956-djamala-o-svoey-pobede-evropa-ponyala-i-pochuvstvovala-chto-eto-iskrenne-i-ukraina-na-100-zaslujila-eto.html#ad-image-0
Araşdırmamız zamanı o da məlum olub ki, Jamala “Avroviziya” müsabiqəsindən xeyli əvvəl verdiyi və tamam başqa bir saytda yayımlanmış müsahibədə ailəsi barədə suala belə bir cavab verib: “Когда меня спрашивают о корнях, то я перечисляю несколько национальностей. Однако, несмотря на то, что я росла на крымско-татарской земле, всегда много общалась с армянскими семьями, проводила с ними время, находилась в их среде”.
Göründüyü kimi, burada da ermənilərə xüsusi sevgidən söhbət getmir və ifaçı özünü erməni saydığı barədə bir kəlmə də işlətmir. Həmin müsahibə ilə buradan tanış ola bilərsiniz:
http://thenordar.com/jamala-lico-proekta-pomeshannie-thenordar/
Yerli saytlarımızda yayılmış xəbər belə təsəvvür yaradır ki, Camalə ermənilər barədə fikirləri Avroviziya-2016 müsabiqəsində əldə etdiyi qələbədən sonra səsləndirib. “Azərfaks”ın əməkdaşı ifaçının müsabiqədən sonra verdiyi müsahibələri toplayaraq onların hamısı ilə tanış olub və heç bir materialda "Müsəlman və tatar olsam da, damarımda axan qanın yarısı erməni qanıdır və deyə bilərəm ki, erməniyəm. Erməniləri, Ermənistanı çox sevirəm. Qələbəmi ermənilərə də həsr edirəm" kimi fikirlərə rast gəlinməyib.
UNİAN Agentliyində Avroviziya-2016 müsabiqəsindən sonra yayımlanmış və bilavasitə Camalədən bəhs olunan bütün xəbərləri diqqətinizə təqdim edirik.
http://www.unian.net/society/1346078-datskoe-jyuri-oshibochno-nachislilo-ballyi-djamale-smi.html#ad-image-0
http://www.unian.net/society/1345956-djamala-o-svoey-pobede-evropa-ponyala-i-pochuvstvovala-chto-eto-iskrenne-i-ukraina-na-100-zaslujila-eto.html#ad-image-0
http://www.unian.net/society/1346057-rossiyskiy-advokat-initsiiruet-trebovanie-k-rossiyskomu-kanalu-izvinitsya-za-iskajenie-smyisla-pesni-djamalyi.html
http://www.unian.net/society/1345901-djamala-vernulas-v-kiev-vjivuyu.html#ad-image-0
http://www.unian.net/society/1345843-djamala-poluchit-zvanie-narodnoy-artistki-ukrainyi.html
Qeyd edək ki, yerli saytlarda yayımış xəbərlərdə Camalənin 2009-cu ildə başqa bir musiqi yarışmasında qalib olması ilə əlaqədar verdiyi müsahibənin videogörüntüləri də yer alıb. Orada ifaçı atasının Krım tatarı – müsəlman olduğunu, anasının erməni – xristian olduğunu deyir. Özünün dini etiqadına gəldikdə isə, Camalə bütün dinlərə tolerant yanaşdığını, lakin islamı seçdiyini vurğulayır.
Həmin müsahibə ilə buradan tanış ola bilərsiniz:
https://www.youtube.com/watch?time_continue=127&v=SOfv016cPPg
Onu da qeyd edək ki, heç erməni saytlarında da Camalənin adından belə bir açıqlama yayımlanmayıb. Əgər ifaçı belə bir şey desəydi, heç şübhəsiz ki, bu fikirlər erməni saytlarının manşetində olardı.
Göründüyü kimi, ukraynalı ifaçı heç bir yerdə ermənilərə xüsusi sevgisindən və qələbəsini onlara həsr etməsindən bir kəlmə də olsa danışmayıb. Maraqlıdır, ifaçının demədiyi sözləri onun adından təqdim etməkdə məqsəd nədir?