|
Rahim Hacıyev: «Rusiya hökuməti başa düşür ki, problemlərin həlli Avropa Birliyi ilə iqtisadi münasibətlərdən asılıdır»
Rusiyanın baş naziri Dmitri Medvedev ölkəsinin Avropa Ittifaqı ilə normal münasibətləri bərpa etməyə hazır olduğunu bəyan edib. Medvedev Avropanın Rusiya ilə yaxın qonşu, vacib iqtisadi tərəfdaş olduğunu deyib: “Bizim Avropa Ittifaqı ilə ticarət dövriyyəmiz təəssüf doğuran sanksiya faktoruna baxmayaraq, əvvəlki kimi, yüz milyardlarla avro ilə ölçülür”.
Medvedevin sözlərinə görə, siyasət və geostrategiya bu gün dünya iqtisadiyyatına yeni qaydalar diktə edir: “Sonuncu mənfi nümunə Ukraynanın Rusiyaya olan borcuna görə Beynəlxalq Valyuta Fonduna olan təzyiqlərdir. Vəziyyət daha da ağırlaşır, hazırda iqtisadiyyatda şərtləri siyasət və geostrategiya diktə edir”.
Politoloq Rahim Hacıyev deyir ki, uzun illər ərzində Avropa ölkələri, o cümlədən Avropa Birliyi Rusiyanın ən böyük iqtisadi tərəfdaşı olub. Avropanın qaz təminatının təxminən 30 faizinin Rusiyanın üzərinə düşdüyünü deyən politoloq, digər tərəfdən, Rusiya neftinin əhəmiyyətli hissəsinin Avropa Birliyi ölkələrinə satıldığını deyir: “Iqtisadiyyatının əsas hissəsini neft və qaz təşkil edən Rusiya üçün Avropa bazarı müstəsna əhəmiyyət kəsb edir. Son illərdə Rusiyaya qarşı Qərb ölkələrinin təşkil etdiyi sanksiyalar ölkənin iqtisadi vəziyyətini xeyli pisləşdirib. 2013-cü illə müqayisədə Rusiyanın büdcəsi 393 milyarddan 195 milyard dollara düşüb. Sanksiyalarla yanaşı, neftin qiymətlərinin kəskin düşməsi Rusiyada çox ciddi iqtisadi problemlər doğurub. Istər təbii sərvətlərin satış bazarı, istərsə də yüksək texnologiyalar əldə etmək baxımından Avropa Birliyi ölkələri Rusiya üçün olduqca böyük əhəmiyyət kəsb edir. Rusiya hökumətindəkilər başa düşür ki, ölkədə iqtisadi sabitliyin yaranması və sosial problemlərin həlli xeyli mənada Avropa Birliyi ilə iqtisadi münasibətlərdən asılıdır. Məhz buna görə Rusiyanın baş naziri Avropa Birliyi ilə münasibətlərin böyük əhəmiyyət kəsb etdiyini bildirib”.