|
Azərbaycanda həbs edilmiş jurnalist Xədicə İsmayılova, habelə Suriya və İranda həbs edilmiş amerikalı reportyorlar Ceyson Rezaian və Ostin Tayke ABŞ Milli Mətbuat Klubunun Azadlıq uğrunda mükafatına layiq görülüb. Təltifetmə mərasimi dünən Vaşinqtonda keçirilib, xəbəri Turan-ın müxbiri verib.
"Biz bu jurnalistlər azad edilənə və fəaliyyətlərini bərpa edənə qədər onlar uğrunda mübarizəni dayandırmayacağıq", deyə ABŞ Milli Mətbuat Klubunun prezidenti Con Hyuz bildirib.
Hər il keçirilən mərasimdə mətbuat azadlığı sahəsində ən nüfuzlu mükafatlardan birinin təqdim olunmasını qeyd etmək və həbsdə olan həmkarlarının dəstəkləmək üçün jurnalistlər və KİV rəhbərləri iştirak ediblər.
İsmayılovanın bu mükafata namizədliyini Azadlıq radiosunun rəhbəri Nenad Pejiç irəli sürüb.
O, Azərbaycan rəhbərliyinin korrupsiya faktları ilə bağlı araşdırmalarına görə həbs edilib. "Bu mükafat Xədicənin şücaətinə verilən qiymətdir, amma eyni zamanda, hamımız üçün onun həbsini pisləmək və azad edilməsini tələb etmək çağırışıdır", deyə o bildirib. /Contakt.az/