|
Estoniya prezidenti Tomas İlves öz ölkəsində NATO-nun daimi bazasının yerləşdirilməsi üçün müraciət edib.
ANS PRESS-in məlumatına görə, ölkə başçısı Böyük Britaniyanın “The Daily Telegraph” qəzetinə bildirib ki, Estoniya yerləşdiyi coğrafiyada çoxsaylı Rusiya hərbi təlimlərinin keçirilməsindən və Moskvanın vaxtaşırı səslənən hədəli bəyanatlarından narahatdır.
Onun sözlərinə görə, Rusiyanın son vaxtlardakı davranışı 1997-ci il sazişinin köhnəldiyini nümayiş etdirir. Estoniya hazırda 5300 nəfərlik əsgəri qüvvəyə malikdir və sərhədlərinin mühafizəsində əsas etibarilə NATO-ya güvənir.
Rusiya hökuməti NATO üzvü olmayan Finlandiya və İsveçin bu təşkilat ilə daha sıx əməkdaşlıqdan narahatlıq ifadə edib.
Xatırladaq ki, NATO təhlükə qarşısında olan üzvləri üçün 5 minlik yeni əsgəri qüvvə toplamaq niyyətindədir. Hazırda Estoniydakı 150 nəfərlik NATO piyada əsgəri qüvvəsinin statusu müvəqqətidir. Lakin NATO və Rusiya arasında 1997-ci ildə imzalanmış sazişə əsasən Şərqi və Mərkəzi Avropada hərbi bazalar yerləşdirilə bilməz.