|
Bişkekdə Azərbaycan musiqisinin mədəniyyəti günü keçiriləcək
Teleqraf.az-ın xəbərinə görə, “Roza Otunbayevanın Təşəbbüsü” Fondu Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyi ilə birgə 2015-ci ilin mart ayının 17-də Bişkek şəhərində, Kalıy Moldobasanov adına Qırğız Milli Konservatoriyasının böyük salonunda “Musiqi – xalqın ürəyidir” adlı Azərbaycan musiqisinə həsr olunan tədbir keçiriləcəkdir.
Tədbirdə Qırğız Respublikası Prezidenti Aparatının yüksək vəzifəli təmsilçiləri, Hökumətin üzvləri, Jokorku Keneşin (Parlamentin) deputatları, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri və Qırğızstanın kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edəcəkdir.
Tədbir Qırğız Respublikasının dövlət kanalı olan İctimai Televiziya və Radio Verilişləri Korporasiyası (KTRK) tərəfindən birbaşa efirə veriləcəkdir.
Azərbaycanın və Qırğızstanın görkəmli müğənnilərinin, Qırğız Respublikası Opera və Balet Teatrının solistlərinin, Qırğız Respublikasının əməkdar xalq artistlərinin ifası ilə Üzeyir Hacıbəyovun “Arşin mal alan” operettasından duetlər, burda yaşayan azərbaycanlıların “Azəri” Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən mahnı və rəqs qruplarının, Qırğız-Türk “Manas” Universitetinin “Türk Dünyası Orkestrası”nın repertuarlarında olan Azərbaycan mahnıları ilə zəngin proqram tədbir iştirakçılarına nümayiş olunacaqdır.
Həmçinin, tədbir zamanı Novruz bayramının Azərbaycanda necə qeyd olunması ilə bağlı tədbir iştirakçılarına səhnələr göstəriləcək və video materiallar təqdim olunacaqdır.