|
Kəşfiyyat orqanları İŞİD terror təşkilatının Liviyadakı əməllərini üzə çıxaran planlarını əldə edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Aralıq dənizini “xaos dənizi”nə çevirməyi planlaşdıran təşkilat göndərəcəyi immiqrantlarla Avropanı qan gölünə çevirmək niyyətindədir.
Liviyadakı təsir sahəsini genişləndirən İŞİD İtaliyanın bu ölkəyə hərbi müdaxilə edəcəyi barədə təhdidinə təhdidlə cavab verib. Terror təşkilatı “Liviyadan 500 min immiqrantı Avropanın canına salarıq” təhdidi İtaliyanı geri addım atmağa məcbur edib. Baş nazir Matteo Renzi Liviyaya hərbi müdaxilənin gündəmdə olmadığını bildirib.
İtaliyanın “Il Massagero” qəzetinin xəbərinə görə, İŞİD-ə bağlı olan liviyalı terrorçular Liviyaya hərbi müdaxilə olacağı halda 500 min immiqrantı Avropaya göndərə biləcəklərini bildirib. Məlumata görə, İtaliya sahillərindən 350 kilometr uzaqlıqda olan Liviyada 700 min nəfər Avropaya getmək üçün fürsət gözləyir. Ötən il 170 min immiqrant Aralıq dənizi ilə İtaliyaya gəlib.
İŞİD-in 21 misirli xristianı Liviya sahillərində edam edərkən “Romanı fəth edəcəyik” təhdidindən 4 il əvvəl Liviyanın keçmiş lideri Muammər Qəddafi bu günlərdən xəbər verən bir bəyanat vermişdi. Qəddafi son müsahibələrin birində Liviyada təhlükəsizliyin təmin edilməyəcəyi halda Aralıq dənizinin bir “xaos dənizi”nə çevrilə biləcəyini, Liviyadakı boşluğun Avropanı təhdid edəcəyini bildirmişdi.
İngiltərədə fəaliyyət göstərən “Quilliam” adlı terrorla mübarizə təşkilatının əldə etdiyi məlumatlar da İŞİD-in Liviya üzərindən həyata keçirmək istədiyi planları gün işığına çıxarır. Təşkilat İŞİD-in Əbu Arhim əl-Libim adlı bir üzvünün yazdığı təbliğat məktubunu dərc edib. Məktubda “Liviyanın Avropa dövlətlərinə baxan uzun sahilləri var. Buradan Avropanın cənubunda qarışıqlıq yaradıla, Aralıq dənizindəki ticarət yolları hədəf alına bilər” deyilir.