|
Azərbaycanda bəzi dövlət elmi müəssisə və təşkilatları özəlləşdiriləcək.
Teleqraf.az report.az-a istinadən xəbər verir ki, bu barədə müddəa Milli Məclis-in plenar iclasına tövsiyə olunan "Elm haqqında" qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsində qeyd olunub ki, müəyyən müddət ərzində və 5 ildən çox olmamaqla elmi nəticələr əldə etməyən, təkrar akkreditasiyadan keçməyən və ya müflis elan edilən elmi müəssisələr özəlləşdirilməyə açıq elan edilə bilər. Həmin maddənin 1-ci bəndində qeyd olunub ki, dövlət elmi müəssisə və təşkilatları yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilməyə açıq elan oluna bilər.
Qanun layihəsində özəlləşdirilməsi qadağan olan dövlət elm müəssisələri barədə də müddəa öz əksini tapıb. Qeyd olunub ki, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisə və təşkilatları, eləcə də onların nəzdində fəaliyyət göstərən qurumlar özəlləşdirilə bilməz.
Qeyd edək ki, "Elm haqqında" qanun layihəsi Milli Məclisin Elm və Təhsil komitəsində bu həftə müzakirə edilərək plenar iclasa tövsiyə olunub.