|
Əhməd Oruc: “Hakimiyyətlə bazarlıq etməyin əsasını məhz onlar qoyublar”
AXCP sədri Əli Kərimlinin ətrafındakı bir sıra şəxslər hakimiyyətlə dialoq tərəfdarı olanların iqtidarla siyasi bazarlığa getmək və deputat mandatı payı almaq istəyinə düşənlər olduğunu bəyan edirlər. Vaxtaşırı belə təbliğat aparılır ki, dialoq tərəfdarı olanlar həqiqi müxalifət deyillər, ölkədə yeganə müxalifət partiyası AXCP-dir.
Dialoq tərəfdarı olan müxalif təşkilatlardan Azadlıq Partiyasının sədri Əhməd Oruc isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, AXCP-nin özünü yeganə müxalifət partiyası kimi təqdim eləməsi həm həqiqətə uyğun deyil, həm də AXCP-nin bu gün yürütdüyü xəttə, ölkənin maraqlarına ziddir: “Həqiqətə ona görə uyğun deyil ki, hamı bilir Azərbaycanda 1993-cü ildən sonra real müxalifətçilik mövqeyindən sapıb hakimiyyətlə bazarlığa gedən məhz Əli Kərimlinin rəhbərlik etdiyi AXCP, şəxsən Əli Kərimli olub. Hakimiyyətlə bazarlıq etməyin əsasını məhz onlar qoyublar. Bu, təkzibolunmaz faktdır.
Bu fakt Əli Kərimlinin siyasi tərcümeyi-halına elə yazılıb ki, silinməsi mümkün deyil. Heydər Əliyevin hakimiyyəti dövründə məhz bu bazarlaşmanın nəticəsində 10 il parlamentdə oturub. Bu, razılaşma, siyasi alver olmadan mümkün deyildi. Xatırlayırsınızsa, Əli Kərimlini də, İlham Əliyevi də o zamanlar gənc islahatçılar olaraq təbliğ edirdilər. Özü də bu təbliğat AXCP-yə yaxın mediada gedirdi. Sonra AXCP Heydər Əliyevə xəyanət sayılan hərəkətə yol verdi. Neçə illər hakimiyyətin hər cür dəstəyi ilə yaşayan AXCP və onun sədri 2000-ci ildə Etibar Məmmədovu müdafiə etməklə bağlı öz üzərinə rəsmi öhdəlik götürdü. Məhz buna görə Əli Kərimli və partiyası Heydər Əliyevin qəzəbinə gəldi, Heydər Əliyev, eləcə də İlham Əliyev bu addımı xəyanət olaraq qəbul etdilər. Hakimiyyət illərdir bəslədiyi adamın, təşkilatın etibarsızlığını gördü və onu dışladı. Bunların ”müxalifətçiliyi" belə olub".
Ə.Oruc vurğuladı ki, ölkəyə ən müxtəlif təhdidlərin olduğu bir vaxtda dialoq təşəbbüsündə bulunanlara “saxta müxalifət” yarlığının yapışdırılması, radikal siyasətin yürüdülməsi absurddur: “Mən və rəhbərlik etdiyim partiya həqiqi müxalifət partiyasıdır və heç kimin əlində bir dənə də olsun fakt ola bilməz ki, Əhməd Oruc hakimiyyətlə nə vaxtsa işbiriliyində olub, bazarlığa gedib, demokratik düşərgənin zərərinə addımlar atıb. Mən və partiyamız heç vaxt hakimiyyətlə oyunda olmamışıq. Hakimiyyətlə illərlə oyunda olanların indi özlərindən başqa heç kimi müxalifət hesab etməmələri absurddur və gülüncdür. İndi bizim bir qədər loyal davranışımız, onların isə radikal çıxışları o demək deyil ki, biz müxalifət deyilik, onlar yeganə müxalifət partiyasıdır. Mənim və əməkdaşlıq etdiyimiz digər bir sıra partiyaların dialoq tərəfdarı kimi çıxış eləmiyimiz milli maraqlardan irəli gələn məsələdir.
Biz hesab etmirik ki, ölkə daxilində hakimiyyətlə müxalifət arasında radikal qarşıdurma, Leyla Yunusun, Xədicə İsmayılın həbsi dövlətə və xalqa xeyir gətirir. Qətiyyən xeyir gətirmir. Hakimiyyətin diktaturaya meyllənməsi də dövlətə, xalqa sərf etmir. Buna görə də biz qarşıdurmanın, radikal əhval-ruhiyyənin əleyhinəyik, dialoq mühitinin yaranmasının ölkəmiz üçün vacib olduğuna əminik. Qarşıdurmalar olan ölkələrdə nələr yaşandığını, hansı problemlərin olduğunu neçə vaxtdır görürük. Kimlərsə ”yeganə müxalifət mənəm" deyib radikallıqla ölkəmizə həmin problemləri yaşatmaq istəyirsə, bizə belə müxalifətçilik gərək deyil. Mən ona görə hesab edirəm ki, bu gün AXCP-nin yürütdüyü siyasət səhvdir, zərərlidir. Bunun ən pis acı nəticələrini AXCP özü görəcək. Azərbaycanın indiki vəziyyətdən çıxması üçün mütləq dialoq lazımdır.
Necə olur ki, Əli Kərimliyə yaxın olan dairələr, məsələn, Batumidə ermənilərlə dialoqda iştirak edirlər, ermənilərlə əməkdaşlıq edirlər, amma öz daxilimizdə dialoq təşəbbüsündə bulunanları satqın adlandırırlar? Bu nə yanaşmadır?! Məncə, bu gün AXCP dünyadakı böyük oyunun peşkası səviyyəsində oynayır. Hakimiyyət daxilindəki dialoq əleyhdarları da eyni ilə. Biz həmin qüvvələrin də, Əli Kərimlinin də yürütdüyü siyasətin ölkəmiz üçün müsbət nəticəsinin olmadığını dərk elədiyimizdən deyirik ki, bu siyasəti dayandırın. Azərbaycan cəmiyyətində kəskin qarşıdurma olmasını istəmirik. Əslində ölkə üçün ən lazımlı müxalifətçilik budur".
Ə.Oruc onu da dedi ki, bu gün Ə. Kərimli də müxalifətdədir, ancaq yürütdüyü siyasi kurs düzgün deyil, Azərbaycanın maraqlarını nəzərə almır: “Demokratik resursları daraldıb hamını şantaj eləməklə, hər kəsi satqın elan etməklə müxalif düşərgənin dağıdılmasının, gözdən salınmasının qəti əleyhinəyəm. Qarşıdurmanın sonu yoxdur, perspektivi görünmür”. /Musavat.com/