|
Almaniyanın nüfuzlu “Fokus” jurnalı Rusiya Prezidenti Vladimir Putinin Türkiyə səfərini işıqlandırıb.
Teleqraf.az axar.az saytına istinadən xəbər verir ki, məlumatına görə, dərgi “Çar Sultanla görüşür” başlıqlı yazıda Putini “Çar”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı isə “Sultan” adlandırıb.
Putin və Ərdoğanı “Rembo siyasətçilər” adlandıran dərgi hər iki liderin Qərbə qarşı kin bəslədiyini bildirib: “Hər iki lider haqqında bu an Qərbdə çox da yaxşı danışılmır. Putin Qərbin sanksiyalarından gileylidir. Ərdoğan isə Qərbi müstəmləkəçi olaraq görür və nifrət edir. İndi bu iki lider görüşür. Rembo siyasətçilər Qərbə qarşı birləşə bilərmi?”
Ərdoğan və Putinin "İqtisadi əlaqələrin inkişaf etdirilməsi və İŞİD-ə qarşı mübarizə" adlı mövzularla görüşdüyünü deyən jurnal iki liderin bir-birinə Qərbdən şikayət edəcəklərini iddia edib.
Prezident Ərdoğanın getdikcə Putinə bənzədiyini deyən dərgi liderlərin olduqca bənzər siyasət yürütdüyünü açıqlayıb: “Ərdoğan Putin yolunu gedir. Avtoritar siyasi tərz əsas tutulmaqla hər iki liderin ölkə daxilində və xarici siyasətdə oxşarlıqları həddindən ziyadə çoxdur. Qərbə yanaşma tərzi, terrorla mübarizə, Yaxın Şərq məsələsi, ABŞ ilə münasibətlər tam bir xətlə inkişaf edir”.