|
Fransa görüşü ərəfəsində səslənən bəyanatlar nədən xəbər verir?
Vəfa Quluzadə: «Rusiyanın durumu nə qədər pisləşsə, bu, Qarabağ danışıqlarına o qədər xeyirdir»
Azərbaycan və Ermənistanın dövlət başçılarının Fransa görüşü ərəfəsində nikbin bəyanatlar səslənməkdədir. Fransanın Ermənistandakı səfirinin ardınca XIN təmsilçisi də oxşar bəyanatla çıxış edib. “Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda irəliləyiş əldə etmək üçün lazımi mühitin hazırlanmasına çalışacaq”.
Bu sözləri Fransa Xarici Işlər Nazirliyinin nümayəndəsi Erik Furnye Ermənistanda səfərdə olarkən deyib.ÿE.Furnye bildirib ki, Ermənistan və Azərbaycan prezidentlərinin qarşıdakı Paris görüşü oktyabrın ən prioritet mövzularından biridir: “Fransa prezidentinin təşəbbüsü ilə keçiriləcək görüşdə biz tərəflər arasında qarşılıqlı inam atmosferinin yaranmasına çalışacağıq ki, danışıqlarda irəliləyiş əldə etmək mümkün olsun”.
Bu arada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib ki, həmsədrlərin struktur təklifləri əsasında sülh sazişinin hazırlanmasına başlamaq olar. Onun sözlərinə görə, Azərbaycan yeni mərhələyə tam hazırdır və analoji addımı Ermənistandan da gözləyir.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Rusiyanın hazırkı beynəlxalq durumu ilə bağlı gərginlik nə qədər dərinləşərsə, bu, Qarabağla bağlı aparılan danışıqların gedişinə bir o qədər xeyirdir. Rusiyanın Ukrayna böhranında zəifləməsinin Kremlin Azərbaycana qarşı yanaşmasının dəyişməsinə gətirib çıxardığını deyən V.Quluzadə bildirdi ki, Ermənistan da Rusiyanın çöküşünü görməkdədir: “Ermənistan ciddi şəkildə düşünür ki, əgər onun sponsoru Rusiya çökürsə, bu zaman Ermənistan gərək üzünü Avropa və Amerikaya tutsun. Bu isə Qarabağ danışıqlarının həlli baxımından müəyyən şanslar verir. Ona görə Paris görüşü ərəfəsində bu cür bəyanatlar səslənir. Amma danışıqlarda birdən-birə dəyişikliyə nail olmaq mümkün deyil”.