|
Bu gün Avropa Şurası Parlament Assambleyasının Prezidenti xanım Ann Brasör Azərbaycanda fəaliyyət göstərən parlament partiyalarının sədrləri ilə görüşüb.
Milli Məclisin binasında baş tutan görüşdə Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov da çıxış edib.
Teleqraf.az Ədalət Partiyasının mətbuat xidməti tərəfindən mətbuata ötürülən həmin çıxışı təqdim edir:
Xanım Ann Brasör! Azərbaycana xoş gəlmisiniz.
Vaxtı çox almamaq üçün sizin diqqətinizi iki məsələyə cəlb etmək istəyirəm. Birincisi, siz bizdən Avropa standartlarına əmək etməyi tələb edirsiniz. Bir halda ki, biz 2001-ci ildən Avropa Şurasının üzvüyük, deməli, üzərimizə götürdüyümüz öhdəliklərə əməl etməliyik. Yəni insanın hüquq və azadlıqlarının, qanunun aliliyi prinsipinin təmin edilməsi və demokratiyanın inkişafı istiqamətində fəaliyyət göstərməliyik. Bununla yanaşı, Avropa ölkələrinin bir çoxunda Avropa standartlarına zidd qanunlar qəbul edilir, lakin buna heç etiraz da bildirilmir. Məsələn, İsveçrədə, Sloveniyada, Fransada bu günlərdə isə Yunanıstanda uydurma erməni genosidini etiraf etməmək cinayət hesab edilir. Avropanın göbəyində insanlar orta əsrlərdə olduğu kimi fikrə, düşüncəyə görə təqib olunurlar. Çox təəssüf ki, artıq bu ideyadan praktikaya da çevrilib. İsveçrədə belə məhkəmə təcrübəsi var.
XXI əsrdə Avropada insanın fikrə, düşüncəyə görə təqib etmək - bu Avropa ruhuna, insanın hüquq və azadlıqlarına uyğundurmu? Vaxtilə Avropanın ağıllı başları Volter, Monteskyö, Çezari Bekkari və başqaları orta əsrlərdə hökm sürən və indi də Avropa məkanına köçürülən cəhalətə qarşı mübarizə apararaq tələb edirdilər ki, insanı fikrinə, düşüncəsinə görə deyil, konkret əməlinə görə mühakimə etmək olar. Sonralar bu mütərəqqi fikirlər reallığa çevrildi. İndi isə erməni yalanlarına qulluq edən Avropa cəhalət yoluna qədəm qoyur. Buna münasibətiniz?
İkincisi, Azərbaycanın Dağlıq Qarabağ ərazisində separatçı-terrorçu hərəkat baş verdi. Bu da erməni millətçilərinin dənizdən-dənizə böyük Ermənistan qurmaq kimi absurd ideyalarının tərkib hissəsidir. Belə ki, hələ 1985-ci ildə Yunanıstanın paytaxtı Afinada Daşnaksütun partiyasının XXIII qurultayı keçirildi. Qurultayda bir məsələ - Ermənistanın ərazisinin genişləndirilməsi müzakirə olundu. Bir səs çoxluğu ilə qərara alındı ki, Gürcüstan ərazisindən deyil, Azərbaycandan – Dağlıq Qarabağdan başlamaq lazımdır. Çox təəccüblüdür ki, qərarın surətini Moskvaya – M.S.Qorbaçovun ətrafında cəmləşənlərə də göndərdilər. Nəticəsi isə göz qabağındadır. İndi bu separatçı-terrorçu hərəkata qanuni don geyindirməyə çalışırlar. Erməni millətçiləri və onların Qərbdə, Amerikada olan havadarları beynəlxalq ictimaiyyəti aldadaraq söyləyirlər ki, bu münaqişəni həll etmək çox çətindir, çünki Azərbaycan tərəfində beynəlxalq hüququn bir prinsipi - ərazi toxunulmazlığı, ermənilər tərəfində isə bu hüququn guya ikinci prinsipi – xalqların öz müqəddəratını müəyyən etmək durur. Çox təəssüf ki, bu yalanı bu yaxınlarda Minsk Qrupunun ABŞ-dan olan həmsədri C.Uorlik də təkrar etdi.
Hamıya aydındır ki, ermənilər bir xalq kimi artıq öz müqəddəratını müəyyən edib Ermənistan Respublikasını qurublar. Dağlıq Qarabağda yaşayan ermənilər xalq deyillər, erməni kökənli məskunlardır. Başqa dövlətlərin ərazisində yaşayan ermənilər təkrarən öz müqəddəratlarını müəyyən edə bilməzlər. Əks halda dünyada – Rusiyada, Fransada, ABŞ-da, Argentinada, Gürcüstanda və s. yerlərdə onlarla erməni dövləti yarana bilər ki, bu absurddur, buna yol verilə bilməz. Düşünürəm ki, biz bir xalq olaraq hər bir halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan vermərik. Bunun üçün əzmkarlığımız da, tələb olunan gücümüz də var. Beynəlxalq hüquq da bizim tərəfimizdədir. Buna da münasibətiniz?
Diqqətinizə görə sağ olun.