|
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş lideri Dəniz Baykalın istefasına səbəb olan və 4 il əvvəl yayılan intim videogörüntülərlə bağlı yeni iddia ortaya atılıb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamı Canfer Deliismail bu barədə ifadəsində deyib ki ,həmin videogörüntüləri partiyanın hazırkı sədri Kamal Kılıçdaroğlu yayıb.
İş adamı ifadəsində qeyd edib ki, Kamal Kılıçdaroğlu Dəniz Baykalın intim görüntülərinin olduğu videonu İş Bankasının Ankara filialında saxlayıb. Videonu 2009-cu il dekabrın 7-da bankdakı saxlama kamerasından Kılıçdaroğlunun katibəsi Şükran Kütükçü çıxarıb: “Dekabrın 7-də mən Anakradaydım. Banka getmişdim və orada Kılıçdaroğlunun katibəsi Şükran Kütükçünü gördüm, əlində Kılıçdaroğlunun ona verdiyi bir günlük, 321173 nömrəli etibarnamə kağızı var idi. Onun Kılıçdaroğlunun adından bir iş gördüyünü və kaseti götürərək hesabı bağlayıb getdiyini öyrəndim. Bu olaydan 5-6 ay sonra Dəniz Baykalın görüntüsü yayıldı.
Düşünürəm ki, Kamal Kılıçdaroğlu partiya sədrliyinə keçmək üçün bu görüntüləri yaydı”.
İş adamı qeyd edib ki, istintaqı aparan prokurorla bu barədə danışmaq istəyib, amma o onu dinləməyib.
Qeyd edək ki, Dəniz Baykalın adı çəkilən videogörüntüləri 2010-cu il mayın 6-da yayılmışdı. Araşdırmalar nəticəsində görüntülərin ABŞ-dan göndərildiyi aşkarlansa da ABŞ-dan bununla bağlı hər hansı cavab gəlməyib. Bu hadisədən sonra Dəniz Baykal mayın 10-da partiya sədrliyi vəzifəsindən istefa verdi və mayın 22-də Kılıçdaroğlu sədr oldu.