|
Mirmahmud Mirəlioğlu: “Azərbaycan naminə biz belə təşəbbüslərə açığıq, sosial-iqtisadi böhran bu gün bizi, əhalini vurursa, sonda ən böyük zərbəsi iqtidara dəyəcək”
Manatın məzənnəsinin kəskin surətdə aşağı düşməsi və bunun ardınca müşahidə edilən qiymət artımı bütün ölkədə ciddi narahatlıq və narazılıq doğurmaqdadır. Əhali arasında passiv narazılıq açıq müşahidə edilir. Bir çox ekspertlər hesab edir ki, passiv narazılığın aktiv fazaya keçməsi etiraz dalğasının baş qaldırması ilə nəticələnə və bu da ölkəni heç də sonu yaxşı görünməyən proseslərlə üz-üzə qoya bilər. Odur ki, ekspertlər ölkədə hakimiyyətlə müxalifət düşərgəsi arasında dialoq mühitinin bərpa edilməsinin vacibliyini gündəmə gətirir.
Bəs, müxalifət hakimiyyətlə dialoqun vaxtının çatdığını düşünürmü, bunun üçün iqtidara müraciət edə bilərmi?
Qeyd edək ki, bu ilin əvvəlində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla siyasi partiyaların görüşləri keçirilmişdi. Görüş üçün müraciət müxalifətdəki 8 partiya tərəfindən edilmiş, danışıqları isə birbaşa KXCP sədri Mirmahmud Mirəlioğlu aparmışdı.
Mirmahmud Mirəlioğlu “Yeni Müsavat”a açıqlamasında dedi ki, Azərbaycanın gələcəyi naminə yenə də belə təşəbbüslə çıxış etməyə hazırdır: “Azərbaycan naminə və öz hakimiyyətləri naminə iqtidar yaranmış vəziyyətdən daha çox narahat olmalıdır. Təəssüflər olsun ki, iqtidar heç bir çağırışı qəbul eləmir. Dialoqa ilk növbədə hakimiyyət təşəbbüs göstərməlidir ki, məsələ reallaşsın. Azərbaycan xalqı nə qədər dözümlü xalq olsa da iqtisadi durumunun getdikcə dözülməz olması onu hərəkətə gətirəcək. Xalqın həyəcan təzyiqini azaltmaqdan ötrü sosial şəbəkələr bir silah kimi hələlik kullanılır. Bu da uzun sürməz. Nə qədər ki, gec deyil hakimiyyət ölkədə vətəndaş həmrəyliyi, dialoq mühiti yaratmalıdır. Bunun üçün atılmalı addımlardan biri ölkənin müxalifət qüvvələri ilə bir masa arxasında əyləşib yaranmış durumu müzakirə etmək, çıxış yollarını birgə müəyyənləşdirməkdir. Bu istiqamətdə təşəbbüslər, konkret addımlar olmalıdır. Biz öz tərəfimizdən bir daha bəyan edirik ki, Azərbaycan naminə biz belə təşəbbüslərə açığıq.
Təvazökarlıqdan uzaq olsa da xatırladım ki, bu ilin əvvəlində hakimiyyət təmsilçisi Əli Həsənovla siyasi partiyaların görüşü məsələsini birbaşa biz gündəmə gətirmişdik, 8 partiya adından rəsmi müraciət etmişdik. Danışıqları şəxsən aparmışdıq və məsələ müsbət nəticələnmişdi, Əli Həsənovla siyasi partiyaların 3-4 görüşü keçirildi. O təşəbbüs bizim idi və Əli Həsənovla danışıqları da mən aparmışdım. Hər kəsə bəllidir ki, bir neçə görüşdən sonra bu müsbət tendensiyanın qarşısı alındı. Amma indi ölkə və xalq üçün çox ciddi, məsuliyyətli mərhələ gəlib çatıb. Ona görə də dialoq qaçılmazdır. Azərbaycanın düşdüyü böhranlı vəziyyətdə siyasi qüvvələrin dəyirmi masa ətrafında əyləşməsi, vəziyyəti müzakirə etməsi lazımdır. Sosial-iqtisadi böhran bu gün bizi, əhalini vurursa, sonda ən böyük zərbəsi iqtidara dəyəcək. Bunun fərqində olsalar ölkə və özləri üçün yaxşı olar. Açığı mən inanmıram ki, sizin sualınızla, bizim cavabımızla dialoqu, görüşü gerçəkləşdirsin. Əgər sizin sualınızın və mənim cavab zamanı dediklərimin qaldırılan məsələnin müsbət həllinə təsiri olacaqsa, daha yaxşı. Azərbaycanın naminə bu addım atılmalıdır. Addımı hakimiyyət atmalıdır”.
M.Mirəlioğlu sonda onu da dedi ki, bu ilin əvvəlində başlanan dialoqun dayandırılmasında Əli Həsənovun rolu olmayıb. Əli Həsənov start götürən müsbət tendensiyanın dayanmasında marağı ola bilməzdi: “Əli Həsənov bu işə ciddi şəkildə qoşulmuşdu və həmin prosesin gedişində onu səlahiyyətləri artırılaraq prezidentin köməkçisi vəzifəsinə də yüksəldildi. Amma bizim bildiyimizə görə, dialoq prosesinin dayandırılması hakimiyyət daxilindəki bir qrupun əməyinin nəticəsi idi. Bu məsələ Əli Həsənovluq deyil. Azərbaycanda dialoq mühitinin olmamasında maraqlı olan böyük bir xətt var və xətt hakimiyyətin içində yer alır. Bu xətt hakimiyyətlə müxalifətin bir araya gəlməsini istəmir, bunu əngəlləyir”.