|
Oqtay Gülalıyev: «Hüseyn Əlixanovu ikicə ay təriflədiyi cəzaçəkmə müəssisəsində saxlasalar, qayıdıb yenə oradakı vəziyyətə ideal deyərmi?!»
Penitensiar Xidmətin rəis müavini, general Hüseyn Əlixanov hazırda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun saxlanma şəraitindən danışarkən Azərbaycan həbsxanalarında vəziyyətin ideal səviyyədə olduğunu iddia edib: “Mən hələ ehtiyat edirəm ki, məhkumların yaxşı saxlanması onları yenidən cinayətə sövq edə bilər”.
Əgər vəziyyət həqiqətən Hüseyn Əlixanovun dediyi kimidirsə, o halda niyə Azərbaycandakı cəzaçəkmə müəssisələrindən şikayətlər getdikcə artır? 14 saylı cəzaçəkmə müəssisəsində 31 yaşlı məhkum Elşad Babayevin döyülərək öldürülməsinin bir ayı bu gün tamam olur. Yayılmış fotolarda onun cəsədi üzərindəki işgəncə izləri görənləri dəhşətə gətirirdi. Ideal şəraitdə insanı həmin vəziyyətə salarlarmı?
Elə “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansının koordinatoru Oqtay Güləliyev də deyir ki, Hüseyn Əlixanov həbsxanalardakı ideal şəraitdən danışarkən ola bilsin, Azərbaycanı deyil, başqa ölkələri nəzərdə tutub. Dünyanın ən müasir həbsxanalarının belə, insanlar üçün arzuolunan yer olmadığını vurğulayan hüquq müdafiəçisinin sözlərinə görə, insanları yenidən həbsxanaya qaytaran səbəblər tamam başqadır: “Ölkəmizin cəzaçəkmə müəssisələrindəki şərait, məhkumlarla rəftar dünyanın ən acınacaqlı, ən çətin həbsxanalarıyla müqayisə oluna bilər. Burada korrupsiyadan tutmuş, məmur harınlığı, işgəncəyə qədər ən müxtəlif qanun pozuntularına tez-tez rast gəlinir. Dekabrın 22-də Elşad Babayevin müəmmalı şəkildə 14 saylı cəzaçəkmə müəssisəsində nəzarətçilər tərəfindən qətlə yetirilməsi və bu cinayətin üstünün bugünə qədər açılmaması, bu hala etiraz edən dustaqlara divan tutulması, onların valideynlərinin incidilməsi, onlara verilən işgəncələr Azərbaycanın cəzaçəkmə müəssisələrindəki real vəziyyəti ortaya qoyur”.
Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycanın cəzaçəkmə müəssisələrində çox ciddi problemlər var: “Dustaqların saxlanma şəraiti, tibbi xidmət, infrastruktur bərbad vəziyyətdədir. Çünki Kürdəxanıdakı Bakı Istintaq Təcridxanası istisna olmaqla, qalan müəssisələr sovet vaxtında tikilib. Onların hamısı insanların ağır şərtlər altında cəza çəkməsi üçün nəzərdə tutulmuş müəssisələrdir. Mütəmadi olaraq, bizə cəzaçəkmə müəssisələrindəki məmur özbaşınalığı, məhkumlarla qəddar, aşağılayıcı rəftar barədə məlumatlar daxil olur. Bununla bağlı hesabatlar hazırlayırıq. Görəsən, Hüseyn Əlixanovu ikicə ay təriflədiyi cəzaçəkmə müəssisəsində saxlasalar, qayıdıb yenə oradakı vəziyyətə ideal deyərmi?!”/Azadlıq.info/