|
Ötən həftə Ağdam ərazisində erməni helikopterini vuran müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan manqa komandirinin özünün və ailəsinin video və fotoları telekanallarda, mediada, sosial şəbəkələrdə yayıldı. Müdafiə Nazirliyi ictimai ajiotajın getdikcə artdığını görərək qəhrəmanlıq göstərən hərbçimizin fotolarının yayılmaması çağırışını etdi.Nazirlik bəyan etdi ki, həmin şəxsin foto və videolarının sosial şəbəkələr və müxtəlif yolla yayılması düzgün deyil.
Lakin nazirlikdən bunun qarşısını almaqla bağlı hər hansı tədbirin görüləcəyi ilə bağlı heç bir məlumat verilməyib.
Bir sıra tanınmış ekspertlər də sosial şəbəkələrdə ictimaiyyətə, mediaya müraciət edərək bildirdilər ki, erməni helikopterinin kimin tərəfindən vurulması əslində hərbi sirr məsələsidir. Hər kəs bunu nəzərə alsın və hərbçimizin düşmən kəşfiyyatının hədəfinə düşməsinə kömək rolunu oynayan addımlar atmasın.
Keçmiş MTN zabiti Ərəstun Oruclu da hesab edir ki, düşmən helikopterini vuran hərbçimizin fotolarının nümayişi, onun doğulduğu və valideynlərinin, qohumlarının yaşadığı kəndin efirdə göstərilməsi yanlışdır. Nəzərə almaq lazımdır ki, Ermənistan işğalçı olmaqla yanaşı terrorçuluğu da həyata keçirən, bunu dəfələrlə sübuta yetirən dövlətdir: “Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan helikopterini zərərsizləşdirən hərbçimizin kimliyini ictimaiyyətə açıqlamaqla düşmənlə qarşı-qarşıya dayanmış və düşmənin qəzəbini qazanmış hərbçinin adını ictimailəşdirmiş oldu.
Bu, yanlış idi. Ola bilər ki, nazirliyin bu barədə başqa təlimatları var və başqa cür yanaşması var. Amma faktiki olaraq gördük ki, telekanallarda, sosial şəbəkədə, saytlarda hərbçimizin şəkillərinin göstərilməsi, onun yaxınlarının göstərilməsi, kəndlərinin göstərilməsi məhz Müdafiə Nazirliyinin ad açıqlamasından sonra baş verdi. İnsanlar düşündü ki, Müdafiə Nazirliyi ad açıqladısa, deməli, olar. Mən hesab edirəm ki, belə vəziyyətlərdə məxfilik qorunmalıdır. Hərbçiyə nazirlik, dövlət təltiflər, mükafatlar verə bilər, amma bunu nümayişkaranə şəkildə etməyə ehtiyac yoxdur. Ona görə ki, məxfiliyin pozulması düşmən tərəfin işinə yaraya bilər. Bundan sonrakı dövrdə analoji vəziyyətlərdə yaxşı olar ki, məxfilik saxlansın. Düşmən kəşfiyyatının istifadə edə biləcəyi materiallar, informasiyalar qətiyyən ictimailəşdirilməlidir. Hərbi uğur şou predmeti olmamalıdır”.
Ə.Oruclu onu da vurğuladı ki, Azərbaycanla Ermənistanın münasibətlərinin daha da gərginləşməsini istəyən kənar qüvvələr də öz məkrli planlarını həyata keçirmək üçün ictimailəşdirilən material və informasiyalardan yararlana bilərlər. /Musavat.com/
Etibar SEYİDAĞA