|
Son dövrlər həbsxanalarda günahsız olaraq həbs edilən məhbuslara qarşı təzyiqlərin güclənməsi gündəmin ən çox müzakirə edilən mövzularındandır.
Siyasi və vicdan məhkumlarına, o cümlədən 2011-ci ildə qondarma ittihamlarla 12 il müddətinə azadlıqdan məhrum edilən Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədova yönələn son təzyiqlər bütün cəmiyyət üzvlərinin, islamçıların, ölkə ruhanilərinin, ziyalıların kəskin narazılığına səbəb olub
İslaminsesi.org saytının əməkdaşı KXCP sədri Mirmahmud Mirəli oğlunun bu məsələ ilə bağlı mövqeyini öyrənib:
-Bu, sadəcə olaraq, Azərbaycan hakimiyyətinə böyük utanc gətirən bir haldır. İnsanı azadlıqdan məhrum etmək özü artıq böyük cəzadır. Həbsdə olan adama qarşı əlavə cəza və zorakılıq tətbiq etmək,təzyiqləri artırmaq artıq onların kimlik göstəricisi sayılır. Hakimiyyətin öz vətəndaşına qarşı münasibəti ortadadır.
Vətəndaşın hüquqlarını qorumaq, vicdan azadlığını təmin etmək, vətəndaşın azad yaşamasını təmin etmək əvəzinə həbs olunmuş məhkumlara təzyiqlər artırılır. Bu da iqtidarın fəaliyyətinin tərkib hissəsidir. Mənəviyyat göz önündədir, bütün bunlar isə detallardır. Günahsız insanlara saxta ittihamlarla 5 il, 10 il, 12 il həbs cəzası verməklə yanaşı, həm də onları karsa salmaq, məhbuslara qarşı digər tədbirlər görmək Azərbaycan iqtidarının mahiyyətindən irəli gələn məsələdir.
Onlar özlərini tolerant adlandırmaqla, burada bütün dinlərdən olan inanc sahiblərinə qarşılıqlı və bərabər şəkildə şərait yaradıldığını deməklə, bu problem aradan qalxmır. Görünən odur ki, Azərbaycan hakimiyyəti İslam dininə qarşı bir cəbhə açıb və bu mübarizə bütün kəskinliyi ilə davam etməkdədir. Hicablı şagirdlərin təhsildən uzaqlaşdırılması, məscidlərin bağlanması, nəhayət, Hacı Mövsüm kimi inanclı, dəyanətli insanların həbs olunması bu mübarizənin getdikcə daha kəskin şəkil almasından xəbər verir.
Hakimiyyət tərəfindən inanclılara qarşı davamlı olaraq bu cür addımlar atılır. Əslində isə həbs olunmuş adama qarşı yeni cəzalar tətbiq etmək, həbsxana şəraitini yaxşılaşdırmaq əvəzinə, içəridə də bu qanunsuzluqları davam etmək məntiqə və insanlığa sığmayan bir işdir. Partiya sədri, bir vətəndas olaraq bunu qətiyyətlə pisləyirəm.