Müsavat Partiyasının başqanlığına keçmiş namizəd Qubad İbadoğlu bu gün tərəfdarları ilə görüş keçirib.
Görüş zamanı partiyanın tanınmış funksioneri Vurğun Əyyubun səsləndiriyi fikirlərə Arif Hacılının qardaşı, partiyanın Məclis üzvü Mustafa Hacıbəyli sərt reaksiya verib.
Qeyd edək ki, Vurğun Əyyub çıxışında Arif Hacılının qardaşı Vaqif Hacıbəylini də Müsavatın işlərinə qarışmaqda günahlandırıb: "“Əhrar” Partiyasının sədri Müsavatda “nadzor” olmaq niyyətindədir".
Mustafa Hacıbəyli Aktual.az-a açıqlamasında deyib ki, Müsavatda olan bəzi adamların qardaşları Yeni Azərbaycan Partiyasının xidmətçiləridir: "Qaldı Vaqif bəyə, o, proseslərə ümumiyyətlə, müdaxilə etməyib. Amma seçki bitdikdən sonra da bəzi adamlar Arif Hacılıya o qədər qəzəblidirlər ki, ona olan qəzəblərini hətta partiyaya aidiyyatı olmayan yaxınlarından çıxmağa çalışırlar".
O həmçinin deyib ki,ən çətin və həlledici məqamlarda Hacıbəyli qardaşları döyüşəndə Vurğun Əyyub ortada olmayıb: "Demokratiya uğrunda mübarizə gedəndə, biz yenə öndə olmuşuq. Bu mübarizə qəzet səhifələrinə keçəndə biz əlimizdə qələmimizlə vuruşuruq, bu mübarizə meydanlarda aparılanda biz mitinqlərdə öndə oluruq. Bu mübarizə hansısa partiyalarda seçkilər olanda biz yenə öndə oluruq. Vurğun Əyyub kimi insanlar isə həmişə kölgədədirlər. Biz müxalifət mübarizəsinin həmişə cəfasını görmüşük, Vurğun Əyyub isə səfasını görüb. Şəxsən mən 20 ildən çoxdur hərəkatdayam - nə milli hökumət dövründə vəzifə tutmuşam, nə də sonrakı dönəmdə Müsavatda. Vurğun Əyyub isə hər iki dönəmdə yüksək vəzifələrə sahib olub. Müsavatda həmişə ən geniş kabinetlərdən biri ona məxsus olub. Müsavatın həm də geniş maliyyə imkanları olduğu dövrdə Vurğun Əyyubun katibələri olub. 2006-cı ildən sonra Vurğun Əyyub o katibələr və kabinetdən məhrum olan kimi partiyadan uzaqlaşdı. O illərdən sonra Vurğun Əyyubun partiyada heç bir fəaliyyəti olmayıb. İndi qurultay ərəfəsində o, yenidən peyda olub".
Mustafa Hacıbəyli sonda Qubad İbadoğlunu Müsavata gətirdiyini də vurğulayıb: "Mən onun partiyaya gətirilməsində rəsmi zəmanət vermişəm. Bu günə qədər Qubad İbadoğlu kimi çoxsaylı insanların Müsavata gətirilməsində həlledici rol oynamışam".