|
“Qurultayın gedişindəki pozuntuları İsa Qəmbərin nəzərinə çatdırsam da, o dedi ki, bunları şişirtmə”.
Teleqraf.az-ın APA-ya istinadən məlumatına görə, bunu Müsavat Divanının keçmiş üzvü Vurğun Əyyub Müsavat başqanlığına keçirilən seçkilərin nəticələrinə münasibət bildirərkən deyib.
V.Əyyubun sözlərinə görə, qurultay keçirilən gün müəyyən narazılıqlar və qüsurlar olub. O, İsa Qəmbərdən narazılığını ifadə edib: “Qurultayın başlanmasına yarım saat qalmış partiyanın təşkilat şöbəsinin müdiri Zöhrab Məhərrəmli rayon təşkilatlarının sədrlərinə təzyiq göstərib. Mən bu məsələ ilə bağlı elə həmin gün İsa Qəmbərə məlumat verdim, o isə dedi ki, məsələni çox şişirtməyin. Bizə məlumat gəlib ki, bəzi adamlara iki bülleten verilib. Arif Hacılı 3 səslə yetərsayı keçib. Bu qüsurlar olmasa, ikinci turun qaçılmaz olduğu görünmürmü? Arif Hacılı Təşkilat Komitəsində dedi ki, qurultay zamanı heç bir siyahı ortalıqda olmasın. Ancaq qurultay günü siyahı ortalığa çıxdı. Bunlar ədalətsizlik deyilmi?”
O, Müsavat başqanı Arif Hacılının qardaşı Vaqif Hacıbəylini də ittiham edib: “Mən heç vaxt ağlıma gətirməzdim ki, Müsavatda bu cür tərbiyədən və əxlaqdan uzaq adamlar var. Mənə böhtan, iftira atırlar. Arif Hacılının qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli Müsavat Partiyasında “nadzor” olmaq fikrindədir. Mən ünvanıma YAP-çılardan belə eşitmədiyim təhqiri bəzi müsavatçılardan eşitdim. Arif Hacılını başqan seçilməsi münasibətilə ona görə təbrik etməmişəm ki, bu pozuntular gözümün önündə baş verib. Deyirlər ki, mən partiyanın işində iştirak etməmişəm, xaricdə olmuşam. Mən balalarıma çörək qazanmaq üçün Qarsa getmişəm, özümə villa tikdirməmişəm”.
Xatırladaq ki, sentyabrın 27-də Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı 228 səslə partiyanın başqanı seçilib. Qubad İbadoğlu 200 isə səslə ikinci olub.