|
Azər Ayxan: “Ya İlham Əliyev, ya Əli Kərimli seçimi qarşısında qalsam, əsla ikincini seçmərəm”
“AXCP və onun başında dayananlarda elə bir rəy var ki, bizdən olmayanlar bizə düşməndir”.
Bu sözləri Editor.az-a açıqlamasında “Yeni Müsavat” qəzeti baş redaktorunun I müavini Azər Ayxan söyləyib.
Onun sözlərinə görə, Əli Kərimli əvvəl xahiş, sonra əmr edir: “AXCP və onun başında dayananlarla YAP rəhbərliyinin məntiqi, yanaşması eynidir. YAP elitası da deyir ki, bizdən olmayan bizə düşməndir, AXCP-çilər də. Yəni eyni düşüncənin daşıyıcılarıdırlar. Bilirsiniz, hakimiyyət də, müxalifət də jurnalistlərə eyni cür yanaşır: ya bizimlə olmalısınız, ya da yox olmalısınız. Biz də hamının yanında olmağa çalışırıq, hamıya eyni məsafədə dayanmaq istəyir – zatən mətbuatın missiyası bu olmalıdı- amma Azərbaycanda iqtidarla müxalifətin jurnalistlərə yanaşması eyni mahiyyət daşıyır. Qaldı ki, AXCP-nin bu mövqeyinə… Əli Kərimli və onun dəstəsi bizi illərdir ki, hakimiyyətə işləməkdə suçlayır. Onlar “Yeni Müsavat”ın baş redaktorunun prezidentin qəzet rəhbərləri ilə görüşünə qatılmasını az qala Vətənə xəyanət kimi qiymətləndirdilər. Həmçinin, bu yaxınlarda Ramiz Mehdiyevin müşavirəsndə iştirakımızı da ciddi şəkildə tənqid etdilər. Əli Kərimli bizi İlham Əliyevin yanında olmaqda suçlayır. Amma məsələ burasındadır ki, İlham Əliyevin yanında olmağın alternativi Əli Kərimlinin yanında olmaqdır. Şəxsən mən çıxılmaz vəziyyətdə qalsam əsla ikinci variantı seçmərəm… Ən azı buna adamı peşiman edər Kərimli, necə ki, bir neçə dəfə biz bu pozisyondan peşiman olmuşuq. Adlarını demokrat qoyurlar, amma yanaşmaları, insanla davranışları tam avtoritardır. Ə.Kərimlinin xahişini icra edirsən, iki gün sonra başlayır sənə əmr verir. Sənə öz təhkimlisi kimi, işçisi kimi yanaşır. Ona görə də bu cür adamların bizə qiymət verməsi qətiyyən bizi ilgiləndirmir. Hər kəsin qiymətini zaman və xalq verir”.