|
“Əgər Latviya ərazisində əli silahlı “yaşıl adamcıqlar” peyda olsalar, onlar dərhal güllələnəcək və məhv ediləcəklər”.
Teleqraf.az Virtualaz.org saytına istinadən xəbər verir ki, bu xəbərdarlıqla Latviyanın müdafiə naziri Raymond Veynois çıxış edib.
Nazirin sözlərinə görə, Latviya ərazisində tanınma nişanı daşımayan hərbçilərin peyda olması NATO nizamnaməsinin kollektiv müdafiə haqda 5-ci maddəsinin avtomatik işə düşməsinə birbaşa səbəb olmayacaq.
“Ona görə də hər ölkənin öhdəliyidir ki, bu cür “yaşıl adamcıqlar”ın öz ərazisində peyda olmasına imkan verməsin” - deyə müdafiə naziri əlavə edib.
Bu ilin martında Krımda gözlənilmədən strateji obyektləri ələ keçirən, tanınma nişanı olmayan hərbi formalı rus xüsusi təyinatlıları “yaşıl adamcıqlar”, yaxud “nəzakətli adamlar” adı alıb. Latviya da daxil olmaqla Baltik ölkələri narahatdır ki, günlərin birində həmin “yaşıl adamcıqlar” onların da ərazisində peyda olacaq.
Müdafiə naziri Veynois bildirib ki, Latviyada mümkün təxribatlara qarşı reaksiya vermək üçün xüsusi təyinatlı bölmələr var.
“Əgər diversantlar silahlı olsa, ordu işə qarışacaq. Əgər vəziyyət tələb etsə, biz həmin “yaşıl adamcıqları” güllələyəcəyik. Lakin onlar özlərini sakit aparsalar, biz təhlükəsizlik polisini və dövlət polisini işə salacağıq” - deyə Veynois əlavə edib.