|
Teleqraf.az xəbər verir ki,hazırda İsveçin paytaxtı Stokholmda mühacirət həyatı yaşayan tanınmış çeçen hüquq müdafiəçisi Mayrbek Taramov Çeçenistandakı vəziyyət, Ukrayna hadisələri, kadırovçular adlanan çeçenlərin separatçıların tərəfində savaşması və İŞİD-in Qafqaz təhdidi barədə Axar TV-nın suallarını cavablandırıb.
Taramov bildirib ki, Qroznıda tikilən müasir evlərin arxasında özbaşınalıq hökm sürür:
”Qroznının mərkəzində ucaldılan göydələnlərin arxasında əsl özbaşınalıq hökm sürür. Demək olar ki, Kadırov və onun çevrəsindəki adamlar hər cür şəraitə malikdirlər – dəbdəbəli saraylar, maşın, pul və s. Əhalinin qalan kəsimi isə imkansızdırlar və çox pis vəziyyətdədirlər. Hər addımda korrupsiya halları indi Çeçenistanda ictimai durumun real mənzərəsini xarakterizə edən amillərdir. Regionlarda isə vəziyyət daha da acınacaqlıdır. Məscidlər tikilib, insanlar ibadətə həmin məkanlara getmirlər ki, bu tikililər qanlar hesabına inşa edilib. Çeçenistanda hər bir şəxs əmək haqqının 30 faizini kadırovların müxtəlif fonduna köçürməlidir. Bunların hamısı Kremlin maraqlarına hesablanıb. Kreml necə desə, elə də olacaq. Bax belə, Çeçenistanda əsl marionet hakimiyyət qurulub”.
Hüquq müdafiəçisi Çeçenistanda müharibə başa çatandan sonra əksər çeçenlərin vətənlərinə dönməsi ilə bağlı fikirlərə də aydınlıq gətirib:
“Dəqiq deyim – çeçenlər öz doğma yurdlarına bağlı xalqdır, qohumluq əlaqələrinə xüsusi diqqət yetirirlər. Doğmalarının qəbrinin ziyarət edilməsi, vətən sevgisi çeçenlərin əksəriyyətinin geriyə dönməsinə səbəb olan amillərdir. Bu, bəzən onların həyatı və sağlamlığı bahasına başa gəlir. Əmin edirəm ki, onlar qayıtmaqlarından elə də xoş olmurlar. Sərbəst ola bilmirlər. Niyə? Çünki hər addımda dinlənilirlər. Real mənzərə budur”.
Dağlarda çeçen yaraqlılarının qalması və onların Çeçenistanın hazırkı rəhbərliyinə təhlükə yaradıb yaratmaması barədə də Taramaov danışıb:
“Əlbəttə var və belə qruplar hələ də müqavimət göstərməkdə davam edirlər. Müəyyən əməliyyatlar aparsalar da, güclər nisbəti fərqlidir. Bu səbəbdən də hər ötən gün müqavimətin təsiri aşağı düşür. Bundan başqa, həmin bölmələrə yardım edən çeçenlərin evləri yandırılır, yaxınları və doğmaları şantaj olunur”.
Hazırda mühacirətdə fəaliyyət göstərən İçkeriya-Çeçenistan Respbulikasının mövcudluğu, təşkilatlanması və xaricdə yaşayan çeçenlərin yaşadıqları ölkələrə inteqrasiyası da son vaxtların əsas müzakirə mövzularındandır.
Taramov ”Xaricdə İçkeriya-Çeçenistan Respublikası varmı və fəaliyyət göstərirmi?” – sualını da cavablandırıb:
“Əlbəttə var, Əhməd Zakayev də İçkeriya - Çeçenistan Respbulikasının rəhbəridir. Xatırladım ki, yüksək ranqlı siyasətçilər, tanınmış jurnalistlər və digər şəxslər onunla daim ünsiyyətdə olurlar. Zakayev hökuməti mütəmadi olaraq konfranslar, tədbilər və görüşlər keçirir. Sonuncu dəfə Brüsseldə çeçenlərin deportasiyasının ildönümünə dair geniş tədbir və etiraz aksiyası keçirdik. İçkeriya hökuməti xaricdə yaşayan çeçenlərə şəxsiyyət vəsiqləri verir. Bu sənədi almaqla onlar öz mövqelərini ortaya qoyurlar. Hazırda xaricdə 300 minə yaxın çeçen yaşayır ki, bu da böyük bir gücdür. Çeçenlər daha çox Avstriya, Belçika, Fransa və Almaniyada məskunlaşıblar. Onlar özlərini müdafiə olunmuş hiss edirlər”.
Ukrayna hadisələrində “kadırovçular” adlanan çeçenlərin ukraynlara qarşı savaşmasını ürək ağrısı ilə qeyd edən Taramov bunu Kremlin fitnəsi və təxribatı adlandırıb:
“Qaydalar belədir: əgər Putin ordusu harasa daxil olur, oranı işğal edirsə, onun arxasınca həmin regiona marionetləri gəlir. Bu, bir qanundur! Marionet deyə bilməz ki, yox, mən istəmirəm. Əks halda, dərhal o öz postundan kənarlaşdırılacaq. Görünür, Çeçenistandakı marionet hakimiyyət də Birinci və İkinci Çeçenistan müharibəsini keçmiş gəncləri təhrik etməyə başlayıb. Bununla da Ukraynada Kadırovun hərbi bölmələri görünməyə başlayıb. Soruşmaq lazımdır: siz necə bacardınız bunu? Dost və qardaş ukraynlara güllə atmağa haradan cürət tapdınız? Axı ukraynlar həmişə Çeçenistanın müstəqilliyinin tərəfində olublar. Tarixdə bizi birləşdirən hadisələr var – Ukraynada aclıq illərində çeçenlər ukraynlara qucaq açdılar, dərdlərinə şərik oldular. Kadırovçular etdiklərinə görə cavab verməli olacaqlar”.
Taramov kadırovçuların çeçenlərin imicinə zərbə vurmasından və Ukraynada bu xalq haqqında mənfi rəyin yaramasından təəssüfləndiyini bildirib:
“Bəzən bu, qeyri-peşəkar media nümayəndələrinin yanaşmasından meydana gəlir. Bəziləri kadırovçuları, çeçenləri, nə bilim, putinçiləri ümumi götürürlər. Bu, kökündən yanlış fəaliyyətdir. Məsələ aydın qoyulmalıdır – kim Putinlədir, kim Kadırovladır, kim Ukraynanın tərəfindədir… Mən orada savaşan bütün kadırovçular və müsəlmanlara müraciət edərək, müqəddəs Quranın surələrini onların diqqətinə çatdırmaq istərdim. Necə ola bilər ki, düşmənin tərəfində savaşasan? O düşmənin ki, bir neçə il öncə sənin doğmalarını öldürüblər, ana-bacılarınızı zorlayıblar. Buna getməkmi olar? Əmin olun, yeriniz cəhənnəmdir!”
Son günlər İçkeriya-Çeçen Respublikasının mərhum prezidenti Cöhvər Dudayev adına batalyonun Ukraynanın tərəfində savaşmağa hazır olması ilə bağlı xəbərlərə münasibət bildirən hüquq müdafiəçisi maraqlı məqamları açıqlayıb:
“Batalyon komandanı İsa Munayev, Baş nazir Əhməd Zakayev və digər çeçen fəalları dəfələrlə separatçılara qarşı savaşmağa hazır olduqlarını bildiriblər. İkinci bir fakt: bir çox çeçen kameralar qarşısında danışmaq istəmir. Niyə? Çünki bilirlər ki, Çeçenistanda onların yaxınlarına əzab, əziyyət verəcəklər. Fikrimcə, bundan sonra Ukrayna mediası da fəaliyyətini daha da artıracaq və çeçenlərin çıxışlarına yer verəcəklər. Başqa bir məqam da var: çeçenlərə sığnacaq verən əksər Avropa ölkələri onların Ukraynada savaşmasını istəmir. Gördüyünüz kimi, Ukrayna məsələsinə yanaşmada Avropa Birliyinə üzv ölkələrin özündə də ciddi fikir ayrılığı mövcüddur. Həm də Ukraynanın müvafiq qurumlarının razılığı olmadan çeçenlərin döyüş meydanlarına getmələri mümkünsüzdür. Təəssüf ki, bu gün Ukrayna cəmiyyətinin özü də vahid mövqedən çıxış etmir və məsələlərə fərqli yanaşırlar”.
Dudayevin prezidentliyi dönəmdə müəyyən vəzifələr tutmuş Taramov Çeçenistan müharibələrində ukraynalı könüllülərin – Saşko Biliy kimi döyüşçülərin çeçenlərin tərəfində savaşmasına aydınlıq gətirib. Əlavə edib ki, belə batalyonlar vardı və həmin künüllülərin sayı 100 nəfərə çatıb. Taramov həmin döyüşçülərin hadisələri öncədən görmələrinə qibtə edib və əlavə edib ki, görünür, ukraynlar Rusiyanın bir neçə ildən sonra Ukraynaya da hücum edəcəyini duyurlarmış. Odur ki, 90-cı illərdə onlar təkcə İçkeriya uğrunda yox, həm də vətənləri Ukraynanın gələcəyi üçün savaşıblar.
Taramov İŞİD adlanan terror təşkilatı üzvlərinin Çeçenistan və Qafqazı azad edəcəyi ilə bağlı hədələrə də aydınlıq gətirib və əlavə edib ki, bu, bir xəyaldır və həmin şəxslərin də nə müsəlmanlara, nə də islama aidiyyəti yoxdur.