|
Uzun illər Müsavat Partiyasının fəaliyyətini, onun başqanı İsa Qəmbərin izlədiyi siyasəti kəskin tənqid edən Zəminə Dünyamalıyeva bu dəfə partiyanın qurultayı haqqında diqqət çəkən fikirlər işlədib.
Artıq müxalifət düşərgəsini tərk edən və daha çox müstəqil siyasi fəaliyyətə üstünlük verən Z.Dünyamalıyeva bildirib ki, bu günə qədər Müsavat Partiyası haqqında dedikləri fikirlərin heç biri yalan olmayıb:
“Müsavat artıq özünü idarə edə biləcək səviyyədə deyil. On il bundan əvvəl mətbuatda çıxış etmiş, İsa Qəmbərin çox səviyyəli şəkildə Müsavat başqanlığından getməsini arzu etmişdim. Həm də İsa Qəmbərin başqanlıqdan gedəcəyinə inandığımı ifadə etmişdim. Çünki mən İsa Qəmbəri belə görmək istəyirdim. Yəni xalqın etimadını, müsavatçıların ümid və hörmətini itirmədən, siyasətin pik nöqtəsində olduğu üçün siyasətdən getməsinin tərəfində idim. Çox təəssüflər olsun ki, İsa Qəmbər bunu özünə yaraşdırmadı. Nəticədə pik nöqtədən sıfır nöqtəsinə endi. Əslində, Müsavatda lider olacaq insanlar yetişmişdi və İsa Qəmbər istəsəydi, bunlardan birini dəstəkləyərək başqanlıqdan gedə və İsa Qəmbər kimi qalardı. Amma İsa Qəmbər bu yolu tutmadı. Əvəzində bu proseslər Müsavatda qarşıdurma yaratdı, bu partiyada olan çox səviyyəli və savadlı insanlar var idi ki, onların partiyadan uzaqlaşmasına səbəb oldu. Bu gün Müsavat elə yerə gəlib çıxdı ki, nəinki Müsavatın davamçıları olmaq mümkündür, əksinə, ortaya çıxan insanlar bir-birinin əleyhinə gedirlər. Buna baxmayaraq, düşünürəm ki, bu gün qurultay baş tutacaqsa, bu nə Müsavatın ağıllı gedişidir, nə də nələrəsə nail olmaqdır. Başqa sözlə, Müsavatın içində olan idarəedici qüvvə qurultayı təşkil edəcək və başqanlığa da istədiyi adamı gətirəcək. Düşünmürəm ki, bu da əsrin əvvəlində bizim millətimizin tək ümid yeri olan Müsavat Partiyası olacaq. Artıq bu müsavatçılıqdan çıxmış bir şey olacaq. Zaman keçdikcə hesab edirəm ki, İsa Qəmbərin qüsurlarını bu xalq ona bağışlamayacaq. Müsavatı çox xoşagəlməz duruma gətirib çıxardı. Mənim orada tanıdığım insanlar-alimlər, ziyalılar, professorlar var idi və onlar Müsavatı olduğundan da yüksək səviyyədə saxlaya bilər, partiya cəmiyyətdə çox şeyə nail ola bilərdi. Ən azından belə rəzil vəziyyətə düşməzdi. Bəlkə də, İsa Qəmbər bu gün peşmandır, əgər peşman deyilsə belə zamanla olacaq. Xalq onu peşman edəcək”.
/teleqraf.com/