|
Qubad İbadoğlu
Valyuta hesablaşmalarının limitləşdirilməsi istehlak bazarında əmtəə qıtlığı və qiymətlərin artımını sürətləndirəcək.
Bu gün ölkədə yalnız 6 bank valuta satışını həyata keçirir. Onlar da belə əməliyyatları satış limiti tətbiq etməklə məhdud çərçivədə həyata keçirirlər. Belə ki, həmin banklarda 1 nəfərə maksimum satış 100 dollar təşkil edir.
Müşahidələr göstərir ki, son günlər valyutaya tələbat kəskin artır. Bunu şərtəndirən çoxsaylı amillər siyahısına durğun yay mövsüminin başa çatması ilə işgüzaq fəallığın yüksəlməsi, kənd təsərrüfatı fəaliyyətindən manatla əldə edilən əsas gəlirlərin valyutaya alışına yönəlməsi, yeni tədrisinin başlaması ilə əlaqədar xaricdə təhsil haqqlarının ödənilməsi, hazırlıqla bağlı olaraq daxildə idxal mallarına ehtiyacların yaranması, manatın getdikcə ucuzlaşmasından təşvişə düşənlərin xarici borc öhdəliklərinin yerinə yetirməsi istiqamətində səylərini artırması, bankların manipulyasiya əməliyyatlarının üstünlük təşkil etməsi və sair daxildir. Bu amillərin fəal olduğu şəraitdə növbəti hərrac sabah, yəni sentyabrın 6-da, həftənin 2-ci günü keçiriləcək. Çox güman ki, sabah Dövlət Neft Fondu hərracda iştirak edən yeganə qurum olaraq banklara yenidən 50 milyon ABŞ dolları təklif edəcək. Belə olan halda da tələblə təklif arasında fərq bir az da artacaq, yenə də bazar tarazlığı əsasında formalaşmayan məzənnə isə gerçək olmayacaq və bu da valyuta bazarında mövcud vəziyyəti daha da gərginləşdirəcək. Yenə də bankların aldığı valyutalar əsasən qara bazarlar vasitəsilə reallaşacaq. Beləliklə də qara bazar məzənnəsi ilə rəsmi məzənnə arasında fərq bir az da yüksələcək. Bu isə Azərbaycanı “özbəksitanlaşdıracaq” və ötən əsrin 90-cı illərinin ortalarına qaytaracaq. Məlumat üçün deyim, Özbəkistanda qara valyuta bazarları 20 ildən çoxdur ki, fəaliyyətdədir.
Bununla yanaşı, qara valyuta bazarın daha sürətlə formalaşması, məzənnələr arasında fərqin bu bazarın xeyrinə çoxalması, valyuta ilə bank əməliyyatlarının məhdudlaşdırılması, valyuta hesablaşmalarının limitləşdirilməsinin əsas fəsadları ticarət və xidmət, xüsusilə də turzim bölməsində özünün mənfi təsirlərini göstərəcək. Bu proses davamlı xarakter alarsa növbəti mərhələrə bəzi idxal malların satışı dayana, qıtlıq baş verə, istehlak bazarına xaricdən gətirilən əmtəələrin qiymətləri kəskin bahalaşa bilər. Odur ki, Mərkəzi Bank valyuta bazarında təzyiqi azaltmağa yönələn təxirəsalınmaz tədbirlər həyata keçirməli, bazarda valyuta təklifini çoxaltmalı, İqtisadiyyat Nazirliyi istehlak bazarında idxal mallarının yerli məhsullar hesabına əvəzlənməsinə yönələn təşviqləndirici siyasətlə valyutaya tələbatı azaltmalı, Maliyyə Nazirliyi və Vergilər Nazirliyi isə büdcənin balanslaşdırılmasına çalışmalıdır. Bütün bu fəaliyyətlər iqtisadi sahədə kodinasiya olunmuş dövlət siyasətinin tərkib elementləri olmaqla ciddi sürətdə əlaqələndirilməli və Maliyyə Sabitliyi Şurası tərəfindən idarə olunmaldır.