|
Elşən Əlisoy
Qardaş Türkiyədə baş verən uğursuz çevriliş cəhdindən sonra AKP hakimiyyətinin əlinə rəqiblərindən təmizlənmək üçün çox gözəl şans düşdü. Qısa bir zaman içində minlərlə insana Gülənçi damğası vuraraq həbs etdilər, minlərlə insanı vəzifədən kənarlaşdırdılar. Bir zaman Fətullah Gülənə hocam deyib tərifləyənlər indi dövləti Gülənçilərdən təmizləməyə başladıqlarını bəyan edirlər. Qısası Türkiyədə Gülənçi olmaq PKK-çı olmaqdan daha təhlükəli olub.
Qardaş Türkiyədə baş verən siyasi proseslərin Azərbaycana bu günki qədər təsir göstərdiyi gün olmayıb. Dövlətimiz sanki Türkiyənin bir vilayəti halına gətirilib və Azərbaycan Ərdoğanın istəyi ilə idarə olunan bir məmləkətə dönübdür.
Azərbaycan hakimiyyəti AKP-nin daxildə düşmən axtarmaq siyasətinə baxaraq, siyasi fəallara qarşı yeni taktika ilə mübarizə aparmağa başlayıb. Həbs edilən fəallara qarşı irəli sürülən ənənəvi narkotik ittihamı yeni “Gülənçi” ittihamı ilə əvəzlənib. Hakimiyyətin bu günə qədər apardığı ən “uğurlu” siyasəti də elə budur. Onsuz da narkotik ittihamını ali təhsilli, savadlı gənclərə və tanınmış ilahiyyatçılara yapışdıra bilmirdilər. Bu gün isə həbs edilən fəalların bir çoxu nüfuzlu təhsil müəssisələrinin məzunları olan savadlı insanlardı. Demək, təhsilin və savadın varsa “FETOÇU” adlandırıla bilərsən!
Türkiyədə dövlətin başında, hərbidə, xüsusi idarələrdə olan FETOÇU-lar sən demə Azərbaycanda hələ müxalifətdə imişlər. Ən maraqlısı isə odur ki, Eldar Mahmudovun korrupsiyaya bulaşmış MTN adlı idarəsi Türkiyənin təhlükəsizlik orqanlarından güclü olub və Türkiyə Milli İstihbarat Təşkilatından fərqli olaraq Gülənçilərin dövlətə sızmasına imkan verməyib. Bu illər ərzində Gülən camahatı Azərbaycanda elə müxalifətdə də günlərini keçiriblər. Çox gülməli vəziyyətdir...
Yürütdükləri siyasətlərini özləri demiş balanslaşdıran Azərbaycan hakimiyyəti bu dəfə Ərdoğanla balanslaşdırılmış dostluq yürüdərək Müxalifətdə Gülənçi ovuna çıxmaqla hədəfi hakimiyyətdən yayındırmağa çalışır. Belə demək mümkünsə Azərbaycanda “Gülən Şou” başlayıb.
Dəfələrlə Türk mətbuatında Azərbaycan hakimiyyətində təmsil olunan bəzi məmurların bölücü terror təşkilatı olan PKK-ya maliyə yardımı etməsi haqqında informasiyalar getsə də, bu haqda Azərbaycan hakimiyyəti heç bir rəsmi mövqe sərgiləməyib.
Son zamanlar mətbuatda Gülənçilərin SOCAR-da, parlamentdə, Azərbaycan hakimiyyətinin bir çox qrumlarında, ciddi dayaqları olduğu haqqında informasiyalar dərc edilir. Hətta Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın Azərbaycan hakimiyyətində təmsil olunan Gülənçilər haqqında dövlət başçısına siyahı verməsi xəbəri də dolaşmaqdadır. Belə olan halda Gülənçiləri iqtidarda yox, müxalifətdə axtaramaq ən azından hakim komandanı hədəfdən yayındırmaq cəhdidir. Çox güman ki, Fətullah Gülən özü də bu məsələyə təəccüb qalıb.
Azərbaycanda Fətullah Gülən camahatına bağlı olduğu bildirilən məktəbləri bağlamaq və həmin təhsil müəssisələrində oxuyan insanlara düşmən gözü ilə baxmaq o məktəbləri açıb sonra qapatmaq qədər səhv bir yanaşmadır. Birdəfəlik anlamaq və etiraf etmək lazımdır ki, ən böyük cinayətkarlar və ən böyük xainlər dövlətin təhsil müəssələrini rüşvət yuvasına döndərənlər, təhsil ocaqlarımızı etibardan salanlardılar ki, gənclərimiz təhsillərini ya mədrəsələrdə yada ki, kiminsə arxasında dayandığı təhsil ocaqlarında almağa məcbur olublar.
Qısası gec ya tez bunu Ərdoğan da biləcək ki, seçkilərdə Məzahir Pənahovun açıqlamasından da qabaq qələbəsini təbrik etdiyi Azərbaycan hakimiyyəti “Varavskoy aləm” dili ilə desək onu fırladır. Ərdoğan kimi ailəvi dostu olan dövlət başçılarının başına bomba yağdıran kinli siyasətçi üçünsə yaqin ki, bu arzuolunan hal olmayacaq. Allah axırımızı xeyir eləsin !
P.S. Xameneyi sevərlərin, Hizbullah sevərlərin, İŞİD tərəfdarlarının PKK yandaşlarının meydan suladığı Azərbaycan adlı bir məmləkətdə Fətullah Gülənin kitabını oxumaq hansı qanunla cinayət sayıldığını nə qədər fikirləşdimsə də tapa bilmədim.