|
Dilavər Əzimli
Bu gün qardaş Türkiyədə baş verənlər bizdə cəmiyyəti iki yerə bölübdür: Ərdoğan sevərlər və Ərdoğanı istəməyənlər. Hər iki tərəf bir-birini ittiham edir. Hətta bəziləri irəli gedərək bildirirlər ki, Türkiyənin parlaq gələcəyi yalnız AKP ilədir. Onu da əlavə edirlər ki, biz millət deyilik və öyrənməliyik. Təbii ki, Türkiyədə baş verənlər bizim üçün nümunədir. Bu nümunə deyəndə biz sizdən fərqli olaraq ayrı məsələ üzərində dayanma qistərdik: Türkiyədə xalqı meydanlara çıxaran AKP və Ərdoğan sevgisi deyildir. Hamıya bəllidir ki, bu doğrudan da belədir. Çünki Türkiyədə olan istənilən şəxs bunu hiss edir. Xalqı meydanlara çıxaran və birləşdirən Türkiyə dövlətçiliyinə olan münasibətdir. Xalq bütün hallarda öz dövlətinə sahib çıxır. Dəfələrlə belə halların şahidi olmuşuq. İndi də elədir. Türkiyədə böyük dövlətçilik ənənəsi vardır. Dövlətin ağır durumunda orada daima iqtidar və müxalifət birləşir. Buna sübut müxalifətin AKP və Ərdoğan ətrafında olmasıdır. Onları yalnız dövlətçilik birləşdirdi. Bütün umu-küsüləri kənara atırlar. Ərdoğan da onlarla olduqca səmimi oldu və minnətdarlıq etdi. Çünki Türkiyədə prezidenti də, parlamenti də demokratik yolla seçirlər. Bizdə necədir? İqtidarın müxalifətə və müxalifətin iqtidara münasibəti düşmənçiliyə söykənir. Belə halda hansı birləşmədən söhbət gedə bilər. Bizim tarixi dövlətçiliyimiz darmadağın edildi. Bunu da səbəbi vardı. Çünki Azərbaycan darmadağın edilməsəidi, Turanı parçalamaq olmazdı. Bunu o zaman Ənvər və Nuru paşalar anladılar. Çünki onların ideya müəllimi Əli bəy Hüseynzadə idi. Amma onların niyyəti baş tutmadı. Düşmən çox güclü oldu. Bu gün Azərbaycan az qala səkkiz yerə parçalanıbdır. Balaca bir ərazidə Azərbaycan adlı dövlətimizi qurmuşuq və qürur duyuruq. Ərazimizin böyük hissəsi İran fars rejiminin əlindədir. Bir hissəyə Rusiya, digər hissəyə Ermənistan, o biri hissəyə də Gürcüstan yiyələnibdir. İndi bu yazıq millət necə formalaşsın. Onda böyüklük sindromu bu baxımdan yerimir. Kiçiklik yazıqlıq gətirir. Bu millət özünün XX əsr tarixində dəfələrlə birlik əks etdiribdir. Bu birliyi "20 yanvar" faciəsi zamanı, "Xocalı" faciəsi zamanı gördük. Bu birlik bu ilin aprel ayında özünü göstərdi. Amma bu birliyi bizdə nəzərə almadılar. Çünki bizdə hakim dairələr bu birlikdən qorxurlar. Əslində, bu birliyi nəzərə alsalar, o zaman ölkə başçısının mövqeyi daha da güclənər. Sadəcə istəmirlər. Çünki bu gün bizdə keçirilən seçkilər dünyada analoqu olmayan saxtakarlıqla keçirilir. Azərbaycan parlamentində elə deputatlar var ki, az qala 50 ildir ki, deputatdır. Milyonlar deyil, milyardlar sahibidirlər. Bu pulları halal yolla qazanıblarmı? Təbii ki. mükün deyildir. Onlar üçün müxalifət və iqtidar birliyi sərf edərmi? İşləri-gücləri yalnız başqalrına çamur atmaqdır. Müxalifət düşərgəsi də bu haldadır. Bu düşərgədə də "bolşevizm" özünü daha çox göstərir. Liderin siyasətinə qarşı çıxanları gözümçıxdıya salırlar. Biz də istərdik ki, müxalifətlə iqtidar arasında bu birlik alınsın, amma hazırda real münasibətlər bunu mümkünsüz edir.
Dostlar, sonda onu da vurğulayaq ki, qardaş Türkiyədə olan dövlətçilik ənənələrindən nəticə çıxaraq. Daha iki cəbhəyə bölünməyək. Yəni, Ərdoöan sevərlərlə, Ərdoğan istəməyənlər bu məsələyə deyil, bizdə iqtidar-müxalifət birliyi barədə yollar aramağa diqqət ayırsınlar. Hələ ki, bunu bir resepti vardır. O da ki, demokratik seçkilərdir. Dostlar, biz Btöv Azərbaycan Ocaqları olaraq dövlətçi insanlarıq. Vətəni dərindən sevirik. Onu da bilirik ki, Azərbaycan bütövləşməsə Türk dünyasının problemləri həllini tapmayacaqdır. Bu problem isə yalnız ədalətli seçkilərdir! Əks halda, bizdə birlik heç bir zaman alınmayacaqdır!
Dilavər Əzimli,tarixçi alim