|
Elşad Barat
Qardaşcanı, Qan Turalı Yaradıcılıq Fakültəsində dərs deyəndə adama elə gəlir ki, qəfil işığı sönmüş kənd toyunda generator işləyir. Həm də yanacağı tükənməkdə olan generator. O da ki, söndüsə bir də işə düşməsi qeyri mümkündü. Mütləq, bir yerdən yanacaq tapıb toyunu yola verməlisən.
Nə az, nə çox, düz bir il Qan Turalının dərslərində oturduğuma görə özümə nifrət eləyirəm. Görəsən, adam nə qədər kütbeyin olmalıdır ki, Turalı müəllim kimi qəbul eləsin. Nə isə.
Özüm ölüm, çox gülməli görünür. Hansı daşı qaldırırsan altından Qan Turalı çıxır. Bu dəfə də “Fələk qırmancı”nı gəncəlilərə sırımağa qalxıb. Ərinməyib durub Bakıdan Gəncəyə qədər gedib. Nədi, nədi, bir roman yazıb. Qınamayan olsaydı yolboyu harda adam göründü maşının pəncərəsindən başını çıxardıb qışqırardı ki, baxın, bu romanı mən yazmışam, adım da Qan Turalıdı.
Qardaş, elə bil istedad paylananda Qan Turalı “Azadlıq” qəzetinin “üstündə çalışırmış”. Başı möhkəm qarışıq imiş. Allah haqqı, ağızından istedadın “i”si də gəlmir. Di gəl, gedib çıxıb Gəncəyə. Yəqin, ordakılar da elə bilir ki, bu, böyük yazıçıdı.
İndi sən də balaca tənqidçi deyilsən, allaha şükür özün görürsən hər şeyi. Deyirəm, qardaşcanı, əgər Sokrat bilsəydi ki, gün gələcək Qan Turalı fəlsəfədən dərs deyəcək, qiblədə yatan Əbəlfəz haqqı, zəhər içməmişdən qabaq Delfi məbədinin kahinini boğub öldürərdi ki, onu insanların ən müdriki adlandırmasın.
Gör nə deyirəm, bir gün Yaradıcılıq Fakültəsinə hay düşdü ki, təzə müəllim gəlib, özü də fəlsəfədən dərs deyəcək. Bu da kim ola, kim ola, arvadlarla savaş üzrə az qala ölkə birincisi Qan Turalı bəy. Həzrətabbas belimi qırsın yalan desəm, ilk dərsin on beşinci dəqiqəsində məni yuxu basırdı. Adam əməlli-başlı bizi sarımışdı. Qoltuğunda gətirdiyi ağır çəkili kitabı oxuyub danışır, oxuyub danışır, oxuyub danışır. Birimizin də ağlına gəlmir deyək ki, ay başına dönüm, bu Sokratın kitabını bizə niyə oxuyursan, elə o kitabı alıb evdə oturub oxuyardıq da. Hər il bir ətək pulu buna görəmi veririk sənə?
İncimə məndən, sənin yerinə danışıram. Əslində, bu sözləri sən deməlisən Qan Turalıya. O da bir nəticə çıxarmalıdır. Heyif ki, sən də bezmisən. Qan Turalı da ki, özünü gözə soxmaqla məşğuldur. Sosial şəbəkələrdə, saytlarda mənasız yazılarıyla camaatı boğaza yığıb. A kişi, alınmır da səndə, nə istəyirsən? Əl çək də bu millətdən.
Sən öl, bax, bilirsən ki, məndə yalan yoxdu, həm də öruc ağızdan deyirəm, beşbarmaq haqqı, bu son illərdə “Elektronik sevdalar”dan tutmuş “Fələk qırmancı”na qədər elə bil Qan Turalı özü ilə məzələnib, ələ salıb özünü. Bu, azmış kimi “yazıçı” sözünü adına pərçimləyib oturub. İndi də çıxıb gedib Gəncəyə.
Qardaş, deyirəm, kəsdiyimiz haqqı, sən də elə-belə tənqidçi deyilsən ha, bilirəm ki, göydə tutursan. Sənə elə gəlmir ki, “yazıçı” sözü Qan Turalıdan bezib? Elə bil söz Qan Turalıdan qaçır, Qan Turalı gedib dayanır sözün yanında, söz Qan Turalıdan qaçır, Qan Turalı gedib dayanır sözün yanında. Mənə bax e.
Azərbaycanın görkəmli yazıçısı Kamal Abdulla Qan Turalının “Fələk qırmancı” romanı haqqında bir yazı yazmışdı. O yazını oxuduqca mənə elə gəlirdi ki, Qan Turalı “Fələk qırmancı”nı əlinə alıb o boyda akademikin qapısını kəsdirib ki, mənim haqqımda yazı yaz. Kamal müəllim də boğaza yığılıb öz fikirlərini bir neçə cümləylə buna bağışlayıb.
İndi öz aramızdı, sən də köhnə qurdlardansan, məhşur tənqidçisən. Bilirsən ki, yazıçı olmaq üçün şou yaratmaq ənənəyə çevrilib. Ona görə bu məsələyə girişmirik. Lakin və lakin, Qan Turalı bunu dərk etmir. Hamımız bilirik ki, nə “qiraətçi” romanından plagiyat, nə namaz qılıb allahsız olmaq, nə dostlarına xəyanət edib baş redaktorluğu tutmaq, nə də hörmətli yazıçımız Anar müəllimdən müsahibə almaq adamı yazıçı eləmir.
Ay qardaş, adama deyərlər, işığın yoxdu-yoxdu, heç olmasa generatorun düz-əməlli işləsin.