Səadət Cahangir

“Möhtəşəm yüz il” serialına baxanlar paxlava oğurlayan uşaqlarla bağlı səhnəni xatırlayır yəqin. Kadı əfəndinin yanına 7-8 yaşlarında iki uşaq gətirib, “bir sini paxlavamı oğurlayıblar” deyən adam onların cəzalandırılmasını tələb edir. Şikayətçinin peşman olan və üzr diləyən uşaqlara acımadan “hər ikisinin əli kəsilməlidir” iddiası Kadı əfəndini haldan çıxarır. Paxlavaçının zərərini hesablayaraq “utanmırsanmı, 10 akçaya görə o uşaqların əlinin kəsilməsini tələb edirsən” deyir. Sonra da uşaqların sərbəst buraxılması, yaxınlarından 10 akça zərərin paxlavaçıya ödənilməsi haqqında qərar çıxarır. Serial öz yerində. Amma buna bənzər hadisə 19 il öncə, həqiqətən də, Qaziantep şəhərində baş verib. Hadisə zamanı yetkinlik yaşına çatmamış 4 uşaq paxlava dükanının qapısını qıraraq, ordan bir az fıstıq və paxlava oğurlayıb. Bu oğurluğa görə uşaqlara 9 il həbs cəzası verilib, sonra yetkinlik yaşına çatmadıqları nəzərə alınaraq, cəzaları 6 ilə endirilib. 19 ay cəza evində qalan uşaqlar sonradan əfv fərmanı ilə sərbəst buraxılıblar. Amma tarixə “paxlava oğurlayan çocuklar” adıyla düşən o hadisə indiyə qədər Türkiyə hüquq sisteminə qarşı sərt tənqidlərə əsas verən fakt kimi xatırlanır…

Son illər bizdə də bənzər oğurluqların sayı xeyli artıb, bilirsiniz. Keçən il mağazadan çörək oğurladığı üçün həbs olunan gənc yadınızdadır, hər halda. Yaxın günlərdə yeni bir çörək oğurluğunun sorağı da Cəlilabaddan gəldi. 10-11 yaşlarında uşaq “Iran bazarı” deyilən yerdə çörək və qənd oğurladığı üçün həbs olunub. Uşağın sosial şəbəkələrdə yayılan fotosuna baxanda, insanın ürəyi dağlanır. Ilk baxışdaca görünür ki, o uşaq macəra üçün bazara girib nəsə oğurlayana oxşamır. Üst-başından yoxluq, yoxsulluq yağır uşağın. Nimdaş paltarın içində bir dəri, bir sümük olan tifilin bunu hansı ehtiyacdan etdiyi apaçıq ortada. Belə uşaqların sayı nə qədər çoxdur bu ölkədə, bilsəniz! Xeyr, mən  hansısa  oğurluq hadisəsinə haqq qazandırmaq fikrində də deyiləm. Ancaq yetkinlik yaşına çatmamış bu oğlanın sıradan biri kimi mühakimə olunması nə deməkdir? Bu uşağın ailə vəziyyəti nə yerdədir, onun çörək və qənd oğurlamasına əsas verən səbəblər hansılardır, heç maraqlandınızmı, cənablar? Bir maraqlansanız. Maraqlansanız, əminəm ki, uşağın ailə dramının içindən çörək ehtiyacı çıxacaq. Bu halda, doğrudanmı, onun həbsinə ehtiyac var və qərarınız “tərbiyələndirmək” üçün faydalı olacaq?

Milyardları havada oynayan bir ölkənin başında duranlar o ölkənin körpələrini çörək ehtiyacı ilə üz-üzə qoyduqları üçün utanmalıdırlar. Ən azı, utanmalıdırlar. Amma harda? Azərbaycan hökuməti on illərdir dünyaya neftin-qazın şöhrəti ilə öyünüb durur. Həm də ölkədə hər kəs süd gölündə üzürmüş kimi öyünür. Böyük əyləncələrə, oyunlara, yarışlara yüz milyonlar səpərək, dünyanın diqqətini üstünə çəkmək xəstəliyi var bu komandada. Öz borclu, yoxsul, ehtiyacdan əzilmiş insanını çoxdan unudub onlar. Milyardların talandığı bir məmləkətdə çörək oğrularının meydana gəlməsi də ağlabatan görünmür bu adamlara. Onlar gündəlik kef-damaqlarında, sərvətlərini artırmaqlarında, insanları yuxulatmağın yeni yollarını düşünməklərindədirlər. Insanlarımız isə, gerçəkdən yuxudaymış kimi oyanmaq bilmir. Eləcə yuxulu-yuxulu dolaşaraq, ölkənin böyük milyardlarının necə qarət olunduğunu, çevrəsində baş verən dəhşətli “mafiya oyunları”nı, bahalı və gözqamaşdıran əyləncələri film kimi seyr edir. Insanlarımız tərəzidə ölkədən çıxarılan oğurluq 95 milyard dollarla 10 yaşlı uşağın oğurladığı çörəyin fərqini görəcək durumda deyil. Ölkə isə batır. Sözün həqiqi mənasında, batır. Nə yazıq ki, insanlarımız o gəminin içində batdıqlarının belə fərqində deyillər.

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti