Ləman Piriyeva

Nəzəriyyələri və ixtiraları ilə tanınmış ən məşhur elm xadimlərindən bir neçəsini xatırlayaq: Qaliley, Nyuton, Eynşteyn, Kelvin, Tesla… Siyahı hələ çox uzadıla bilər. Bu unudulmaz şəxsiyyətlərin elmə verdiyi töhfələrdən başqa daha bir ortaq cəhətləri var idi: hamısı xüsusi yaradılışa inanırdı. Bu, o mənaya gəlir ki, kainatın və bütün canlıların üstün gücə və sonsuz ağıla sahib Allah tərəfindən yaradılması həqiqəti daima elmin mərkəzi mövqelərindən birini təşkil etmişdir.

Ta ki, 19-cu əsrin ortalarına qədər… Elmlə dinin danılmaz bir vəhdət təşkil etdiyi bu dövrlərdə Çarlz Darvin adlı ingiltərəli bir həvəskar bioloq “Növlərin mənşəyi” adlı kitabını yayımladı. Kitabında canlıların təbii proseslərlə öz-özünə necə yarandığı, ilk həyatın palçıqlı sularda əmələ gəldiyi inandırıcı surətdə təsvir edilirdi. Bu fantaziyalara Darvinin çağdaşları- Qreqor Mendel, Riçard Ouen, Lui Paster kimi nüfuzlu alimlər, təbii ki, ciddi yanaşmadılar. Amma bu xəyal məhsulu ideyalara ciddi yanaşanlar da az deyildi. Karl Marks, Fridrix Engels kimi materialistlər dərhal Darvinin nəzəriyyəsini mənimsədilər, çünki mövcudluğu maddənin mütləqliyi ilə izah etməyə çalışan materialistlərin beynindəki “bəs həyat necə yarandı?” sualı necə isə cavablanmışdı... Materialist cərəyanın Darvindən etibarən geniş vüsət alması da, bu səbəbdən, heç də təəccüblü deyildi.

Yaxşı bəs öz nəzəriyyəsini elmi pərdə altında mahirliklə gizlədən Darvin həyatın “hərəkətverici qüvvəsi” olaraq nəyi görürdü? Bax bunu yaxından araşdırdığımız zaman təkamül fərziyyəsinin, əslində, “təsadüf” anlayışını ilahlaşdıran bütpərəst bir inancdan başqa bir şey olmadığını dərhal görürük. Darvinin canlıları formalaşdıran amil kimi istinad etdiyi təbii proseslər quraqlıq və ya buzlaşma dövrləri, yağışların çoxalması, ildırım çaxması, qitələrin yerdəyişməsi, ətraf mühitin qeyri-sabit olması və s. kimi  kortəbii proseslər idi. Darvin özü də öz inancının necə məntiqsiz və ziddiyyətli olduğunu anlamışdı, lakin materialist olması ondan təsadüfə sitayiş etməyi tələb edirdi:

“Bütünlüklə ümidsiz bir qarışıqlığın içində olduğumun fərqindəyəm. Gördüyümüz dünyanın təsadüfün nəticəsi olduğunu düşünə bilmirəm. Amma yenə də hər ayrıca hissəyə Dizaynın nəticəsi kimi də baxa bilmirəm”.1

Darvindən sonra elm bir çox yeniliklərlə üzləşdi. Bu yeniliklərdən ən əsası, şübhəsiz, genetika elminin kəşfi idi ki, ətraf mühitin canlı orqanizmdə irsi dəyişikliyə yol aça bilməyəcəyini göstərdi. O dövrə qədər inanılırdı ki, irsiyyət qan yolu ilə ötürülür. Halbuki avstriyalı botanik Qreqor Mendel öz genetika qanunlarını irəli sürdükdən sonra məlum oldu ki, bütün canlı növlər müəyyən bir genetik irsə sahibdirlər və bu irsin sərhədləri daxilində çoxalıb törəyirlər. Ətraf mühit canlını müəyyən qədər dəyişsə belə, bu dəyişiklik gələcək nəsillərə ötürülə bilməz, çünki genetik informasiya sabitdir. Gözlənilən o idi ki, təkamülçülər də bu kəşflə bərabər öz cəfəng iddialarından dönsünlər və elmin həqiqətləri ilə üzləşsinlər. Lakin vəziyyət heç də belə olmadı...

Darvinin varisləri yepyeni bir təsadüf məntiqi ilə ortaya çıxdılar. Belə ki, genetik məlumatların da radiasiya və ya kimyəvi yolla təsadüfi dəyişikliklərə məruz qaldığını, bununla da, yeni canlı orqanizmlərin təsadüfi yollarla, kortəbii surətdə ortaya çıxacağı ideyasına əl atdılar. Mutasiya adı verilən bu təsadüfi genetik dəyişiklikləri sanki yaradıcı qüvvə kimi qəbul edən darvinist cəmiyyətin bu yeni və daha absurd məntiqi də çox keçmədən qüvvəsini itirdi. Belə ki, sehrli qüvvə kimi sığındıqları mutasiya anlayışı, əslində, canlıların sabit genetik informasiyasını pozaraq onları şikəst, anormal məxluqlara çevirən bir proses idi. Elə ən sadə bir misal olaraq, mutasiyaların normal hüceyrələri xərçəng hüceyrələrinə çevirməsini göstərə bilərik.

Burada bir haşiyə ayırıb təsadüf məntiqini aydınlaşdırmaq istəyirəm. Təsadüf anlayışını ən yaxşı izah edən sahə, təbii ki, ehtimal nəzəriyyəsidir. Ehtimal nəzəriyyəsi, əsasən, müəyyən bir hadisənin gerçəkləşmə ehtimalını araşdırmaqla məşğul olur. Bir çox molekulyar bioloq və riyaziyyatçı bu sahəni həyatın mənşəyinə tətbiq etmiş və təsadüf bütünü qıracaq nəticələrə varmışlar. Belə ki, həyatın ən əsas mövcudluq şərtlərindən olan zülal molekullarının təbiətdə təsadüfən, öz-özünə əmələgəlmə ehtimalının tam olaraq sıfıra bərabər olduğunu öyrənmişlər. Bir zülalı həyatın vahidinə çevirən üç amili- amin turşusu növünü, amin turşusu ardıcıllığını və peptid rabitəsini nəzərə aldığımız zaman 500 amin turşusundan ibarət orta ölçülü bir zülal üçün təsadüfən yaranma ehtimalı 1/10950 kimi fantastik bir ədəd hasil edir. 10950 ədədi 10-un yanına 950 dənə sıfır yazmaqla əldə edilən astronomik bir rəqəmdir. Bu rəqəmin nəhəngliyini az da olsa qavramaq üçün Saxara səhrasındakı qum dənələrinin sayının təxminən 1028-ə bərabər olduğunu, kainatdakı bütün atomların sayının 1078-ə bərabər olduğunu bilmək kifayət edər. Başqa bir misal versək, 10950-də 1 ehtimal havaya atılmış 3160 qəpiyin hamısının eyni üzünün düşməsi deməkdir.2 Bunu da qeyd etmək yerinə düşər ki, amerikalı riyaziyyatçı Uilyam Dembskinin hesablamalarına əsasən, 1/10150 ehtimalından kiçik ehtimaldakı hadisələrin gerçəkləşməsi praktiki olaraq mümkün deyildir.3

Burada qısaca izah etdiyim təsadüf məntiqi daha da detallı şəkildə açıqlana bilər. Gəlinən nəticə budur ki, nəinki həyatın, həyatın ən kiçik vahidi sayılan bir zülalın belə təsadüfən əmələ gəlməsi qeyri-mümkündür. Elə burda beynimizdə bir sual yarana bilər: minlərlə elm xadimini həyatın təsadüfən yaranması kimi elmdən kənar bir iddiaya inanmağa vadar edən nədir? Sualın cavabını məşhur astronom və riyaziyyatçı Fred Hoyl belə verir:

“Əslində, həyatın bir ağıl tərəfindən yaradıldığı o qədər açıqdır ki, insan bu həqiqətin niyə geniş surətdə qəbul edilmədiyinə təəccüblənir. Bunun səbəbi elmi yox, psixolojidir”.4

Fred Hoylun bu etirafındakı vəziyyəti, sözün əsl mənasında, büruzə verən məşhur təkamülçü alim Riçard Levontinin aşağıdakı sözləri bu cəhətdən olduqca maraqlıdır:

“Bizim materializmə bir bağlılığımız var; “a priori” (əvvəldən qəbul edilmiş, doğru fərz edilmiş) bir inancdır bu. Bizi dünyaya materialist izahlar verməyə necə isə vadar edən şey elmi metodlar və qaydalar deyildir. Əksinə, materializmə olan “a priori” bağlılığımız bizi materialist izahlar törədən araşdırma üsulları və bir sıra anlayışlar yaratmağa məcbur edir... Həm də ki, materializm mütləq doğru olduğuna görə, İlahi açıqlamanın səhnəyə çıxmasına icazə verə bilmərik”.5

Göründüyü kimi, təkamülçülərin öz nəzəriyyələrini xilas etmək üçün ən ağlasığmaz fikirlərə əl atmağının yeganə səbəbi vardır: materializmə olan bağlılıq! Belə olduğu halda, ortada elmdən yana heç bir şey qalmır və elm ideoloji olaraq qəbul edilmiş ehkamların mühasirəsinə alınır. Bu acınacaqlı vəziyyət özünü təsadüf kimi bir anlayışın bütləşdirilməsində göstərir. Fransa Elmlər Akademiyasının prezidenti olmuş Pyer-Pol Qrasse sözü gedən məsələni belə açıqlayır:

“Təsadüf ateizm pərdəsi altında adı çəkilməyən, lakin gizlicə sitayiş edilən bir növ ilahi qüvvəyə çevrilmişdir”.6

Bəli, Qrassenin sözləri hal-hazırda təkamül nəzəriyyəsini müdafiə edənlərin içində olduğu vəziyyəti çox yaxşı izah edir. Canlıların təsadüfən əmələ gəldiyinə inananların totemlərə sitayiş edən qəbilə üzvlərindən və ya Günəşə sitayiş edən bütpərəstlərdən heç bir fərqi yoxdur. Hamısı heç bir yaradıcı gücü olmayan varlıqlara güc isnad edir və əsl yaradıcı olan Allahın qüdrətini təqdir edə bilmirlər. 

Bunu da qeyd etmək yerinə düşər ki, bütün cəhdlərinə baxmayaraq son illərdə darvinistlərin bu istiqamətdəki bütün fəaliyyətləri öz təsirini itirməkdədir. Keçən əsrin sonlarından elm dünyasında öz sözlərini deməyə başlayan və sayları sürətlə artan bir qrup elm adamı “Ağıllı dizayn” adlanan yeni və həyatın mənşəyinə dair alternativ bir nəzəriyyəni irəli sürmüşlər. Ağıllı dizayn nəzəriyyəsi canlılığın başlanğıcının yalnız yaradıcı, ağıl sahibi bir qüvvə ilə mümkün ola biləcəyini deyir və buna dair əsaslı sübutlar irəli sürür. “Kitabın müəllifi kitabdan daha ağıllıdır”,- deyən yaradılışçılar canlı həyatda gördüyümüz mürəkkəbliyin yeganə qaynağının yaradıcı qüvvə olduğu fikrini əsaslandırırlar. Son illərdə genetika, paleontologiya, müqayisəli anatomiya, astronomiya kimi bir çox elm sahəsində əldə olunan nailiyyətlər yaradılışçıların arqumentlərini daha da möhkəmləndirmişdir.

Necə ki, bir zamanlar elm dünyası geosentrik sistemə, yəni bütün göy cisimlərinin Yer ətrafında fırlanmasına inanmış, sonradan isə bu fərziyyə təkzib edilmişdirsə, bu gün də canlı aləmin Darvinin və davamçılarının iddia etdiyi kimi təsadüfən əmələ gəlməsi fikri süquta uğramışdır.

Mənbələr:

1. Francis Darwin, “The Life and Letters of Charles Darwin”, II cild, səh. 146

2. Hesablamalar üçün baxın: Dominic Statham, “Hawking claims that life can form by chance”, 13 Oktyabr 2010

3. William A. Dembski (2004), ”The Design Revolution: Answering the Toughest Questions About Intelligent Design”

4. Fred Hoyle, Chandra Wickramasinghe, Evolution from Space, New York: Simon & Schuster, 1984, səh. 130

5. Richard Lewontin, “Billions and billions of demons”, The New York Review, səh. 31, 9 Yanvar 1997

6. Pierre Paul Grassé, Evolution of Living Organisms, New York, Academic Press, 1977, səh. 107

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti