Gülayat Hacıyeva

Övladı olub-olmamasından asılı olmayaraq bir çox ailələr övladlığa uşaq götürmək arzusunda olurlar. Bəzən bu addım doğma övladlarına bacı-qardaş sevgisi aşılamaq üçün də atılır. Lakin bu heç də göründüyü kimi asan məsələ deyildir və bu insanlara bəzi şeyləri tövsiyə etmək istərdim. Bu sətirləri vaxtilə uşaq evində böyümüş biri kimi, orada yaşamış dostlarımla etdiyim söhbətlər əsasında onların hiss və düşüncələrinə əsaslanaraq yazmağı özümə borc bilirəm.

Bilmənizi istərdim ki, sizlər uşaq evlərini ziyarət edərkən həmin uşaqlar sevinir, daim kimlərinsə onları oradan götürəcəyi ümidi ilə yaşayırlar. Məlumdur ki, oranın bəzi sakinləri heç vaxt ailə həyatı görməyib, özlərini dərk edəndən uşaq evinin sakinidirlər. Lakin bununla belə başqa ailələrdən gələn uşaqların evlərində keçirdikləri vaxtdan danışmaları və ya qısamüddətli kiminsə evində qonaq olduqları zaman gördükləri diqqət və qayğı nəticəsində ailənin nə demək olduğunun fərqindədirlər. Mən özüm də səkkiz yaşımadək ailəmlə birlikdə yaşamışam və hələ də həmin günləri gözəl hisslərlə xatırlayıram. Anamın biz oyanmadan yuxudan durması, bağdakı kollardan bizim üçün moruq və böyürtkən yığması, atamın kiçik nəsihətamiz nağıllar danışmasını ömrümün sonuna kimi təbəssümlə xatırlayacam. Bütün bunları bilə-bilə uşaq evindəykən yenidən başqa ailəyə övladlığa verilməklə bağlı həmişə tərəddüd içində qalırdım. Çünki bir tərəfdən yenidən ailəmin olmasını istəyir, digər yandan isə öz doğma bacı və qardaşlarımdan uzaq düşəcəyimdən ehtiyat edirdim. 
Bir gün kimisə övladlığa götürmək kimi nəcib bir fikrə gəlsəniz, mütləq əməl etməli olduğunuz bəzi şeylər var.

İlk növbədə çalışın ki, uşaq evlərindən kimisə övladlığa götürmək istədiyinizi uşaqlar və oranın işçiləri bilməsinlər – müdirin bilməsi kifayət edir. Təbii ki, siz orada olan hər kəsi övladlığa götürə bilməzsiniz və belə olan halda seçmədiyiniz uşaqlar bundan təsirlənə bilərlər, bu onların sonrakı həyatlarına mənfi təsir göstərər.

Uşaq evində olarkən bir çox ailələrin oraya kimisə övladlığa götürmək üçün gəlmələrini xatırlayıram. Bu halda insan özünü bazarda satılan əşya və ya meyvə kimi hiss edir. Sanki müştəri malın yaxşısını seçib alır, çürüklər, lazımsızlar isə oradaca qalır. Unutmamaq lazımdır ki, uşaq evləri və internatların sakinləri daha həssas olurlar. 
Yuxarıda da qeyd etdiyim kimi, bu uşaqların övladlığa verilmə ilə bağlı ən böyük qorxuları öz doğma bacı və qardaşlarından ayrılmalarıdır. Buna görə də daha yaxşı olardı ki, övladlığa götürərkən bacı və qardaşları ayırmayaraq onların hamısını götürəsiniz. Bəzi hallarda bir tərəf könüllü şəkildə getmək istəsə belə, digəri bundan pis mənada təsirlənir, hətta günlərlə ağlayırlar. Əgər bu uşaqlardan biri böyükdürsə və digərinin övladlığa verilməsinə qarşı çıxmırsa belə, imkan dairəsində onların həftədə ən azı iki-üç dəfə görüşmələri üçün şərait yaratmağa çalışın. Əks halda, onlardan birinin sevgi və qayğı içində böyüməsinə baxmayaraq, digərlərinin psixoloji sarsıntılar yaşaması nəticədə hamısına mənfi təsir göstərəcək.

Mən uşaq evindəykən bir neçə dəfə uşaqların övladlığa götürülməsinin şahidi olmuşam. Həmin uşaqlar getdikdən sonra "niyə bizi seçmədilər" deyə müzakirələr aparırdıq, bəzən deyib-gülsək də, bu bizə olduqca mənfi təsir göstərirdi.

Diqqət etməli olduğunuz bir digər faktor isə övladlığa götürülən uşaqların bir müddət sonra geri gətirilməməsidir. Belə ki, bir çox hallarda uşaqlar yeni ailəyə öyrəşsin deyə aparılır, lakin həmin uşaq yaşadıqlarının təsiri ilə bir neçə gün ağladıqdan sonra geri qaytarılırdı və bu onun sonrakı həyat və fəaliyyətinə olduqca mənfi təsir göstərirdi.

Bununla bağlı xatırladığım bir hadisəni yazmaq istərdim: Uşaq evində yaşadığım vaxtlarda Gülnar adlı bir rəfiqəm vardı. Bir dəfə geyimlərindən və gətirdiklərindən çox varlı olduqları anlaşılan bir ailə aramızdan kimisə övladlığa götürmək üçün gəlmişdi. Biz sanki bir-birimizlə yarışa girmişdik. Sonda həmin ailə Gülnarı seçməyə qərar verdi. Gülnar bir neçə gün onlarda qaldıqdan sonra geri gətirildi, səbəbini bilmədim. Amma gəldikdən sonra həmin evdə onun üçün ayrılmış otaqdan, komputer stolundan, bəzəkli xalçadan, otaqda olan hər şeydən həvəslə danışmasının dəfələrlə şahidi olmuşdum.

Bu bir daha göstərir ki, əvvəlcədən övladlığa götürəcəyinizi kimsəyə deməsəniz daha yaxşı olar. Çünki əks təqdirdə həmin uşaqlar tez-tez işçilərin “Bax, özünü yaxşı aparmırsan, yoxsa səni də övladlığa götürərdilər. Adını siyahıya yazmışam, səni “spetsşkola”ya (çətin tərbiyə olunan uşaqlar üçün olan məktəb) göndərtdirəcəyəm" kimi hədələri ilə üzləşirlər. Bu kimi hallar uşaqların psixologiyasına olduqca mənfi təsir göstərir. Onları döyərək, alçaldaraq, şəxsiyyətlərini alçaldacaq şeylər söyləyərək “tərbiyə” etmək nəticədə uşaq hüquqlarının tapdanmasına gətirib çıxarır.

Ümid edirəm ki, övladlığa uşaq götürmək ailələrdən kimlərsə bu yazını oxuduqdan sonra ən azı bu şeylərə diqqət edəcəklər. Unutmayaq ki, orada olan uşaqların daim diqqət və qayğıya ehtiyacları var və siz bəzən onlara yaxşılıq etməyə çalışarkən belə oranın balaca sakinlərini bilmədən və istəməyərək incidə bilərsiniz.

Gülayat Hacıyeva

Stetson Universiteti Beynəlxalq Hüquq üzrə köməkçi dosent, Uşaq hüquqları üzrə ekspert

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti