|
Elşən Əlisoy
Azərbaycanda siyasi partiyaların formalaşması ideologiya və proqramlar üzərində yox, hakimiyyəti hansı partiyanın daha çox söyməsi pirinsipi üzərində qurulub. Ona görə də gec ya tez fərdlərin təmsil olunduqları siyasi partiyadan uzaqlaşmaları ilə rastlaşırıq. Keçən il hakimiyyəti bərkdən tənqid edən siyasi partiyanın əgər bu il mövqeyində bir balaca yumuşalma baş verərsə, partiyadan gedən radikalların mətbuatın manşetlərində görünməsi təbii olmaqla bərabər bu cür formalaşan təşkilatların çökməsi ilə nəticələnir.
İnkşaf eləmiş ölkələrdə insanlar siyasi partiyaların nizamnamə və məramnaməsini, onun iqtisadi proqramlarını qəbul edərək qoşulurlar. Siyasi partiyalara özünün gələcək karyerasını qurmaq üçün qoşulan siyasətçilər və ya iqtisadçılar yenə də həmin siyasi partiyanın ideoloji xəttinin özünün fikirləri və proqramları ilə uyğunlaşmasını əsas amil olaraq qəbul edirlər. Dünyanın heç bir normal dövlətində solçu baxışlı insan sağçıların cərgəsinə, sağçı baxışlılar da solçuların və ya liberalların cərgəsinə qoşulmur. Buna görə də siyasi partiyanı eyni ideolgiya daşıyıcısı olanları birləşdirən bir sistem olaraq da qəbul etmək lazımdır.
Çox təəssüf ki, Azərbaycanda siyasi partiya üzvü olanların böyük əksəriyyətindən, hətta seçkili orqanlarında olanlarının da bir çoxundan səmimi şəkildə soruşsaq görərik ki, bunlar təmsil olduğu təşkilatın Nizamnamə və məramnaməsini axırıncı dəfə partiyanın qurultayında iştirak edərkən görüblər, və o da əgər qurultayda iştirak ediblərsə.
İdeologiyalar yox, siyasi tənqidlər üzərində qurulan partiyaların daxilində çox ciddi ziddiyyətlərlə qarşılaşa bilərik. Məsələn,proqramında Bütöv Azərbaycan, Turan, Türkçülük haqqında yazılan partiya üzvünün Xomeynini tərifləyib ona “ağa” dediyini və ya keçmiş SSRİ-nin həsrətini çəkdiyini görsəniz təəcüblənməyin.
Azərbaycanda siyasi partiyaların ideologiya üzərində qurulmamasının və elimli hədəflərinin olmamasının nəticəsidir ki, şüarları “ RUS FARS ERMƏNİ BUNLAR TÜRKÜN DÜŞMƏNİ” olan siyasi partiyalar əsası Rusiya yönümlü insanlar tərəfindən qurulan “ Milli Şura”ya qoşulub onun pasportsuz liderini özlərinin prezidentliyə namizədləri elan edərək iflasa uğradılar.
Hər bir insan fikirləri üst-üstə düşən insanlarla daha çox ünsiyyət qurmağa meyilləndiyi kimi siyasi təşkilatlara da eyni hədəf uğrunda yürümək üçün qoşulmalıdırlar. Gəlin düşünək. Azərbaycanda hansı siyasi təşkilatın konkret hədəfi var? Hakim partiya olan YAP ideolgiyasız , şəxsi mənfəətlər üzərində qurulub. Bəs müxalifət necə?Şəxsən mənim tanıdığım müxalifət partiyaları ciddi planları olmayan,seçkilərin saxta keçəcəyini bilə-bilə seçki dairələri uğrunda bir-birləri ilə düşməncəsinə mübarizə aparan,xarici ölkə səfirlərinin və beynəlxalq təşkilatların bəyanatları ilə siyasətlərini quran,üzvləri liderlərini “övliya” kimi qəbul edərək liderinin siyasətini sorğulamaq qabiliyyətindən uzaq olan sadəcə adı partiya olan təşkilatlardır.
Siyasi təşkilatlar hakimiyyətə gəlmək uğrunda mübarizə aparmaqla bərabər xalqın savadlı aydınlarını bir yerə cəmləməli və ölkənin çətin durumunda xalqın birliyinə nail olmağı bacarmalıdır. Azərbaycanda isə bunun tam əksini görürük. Bizdə olan siyasi təşkilatlar onsuz da çox az olan mübariz insanları firqələrə bölərək intiriqa toxumu səpib bir-birlərinə düşmən edib, bununla da xalqın birliyini pozublar. Siyasi düşüncəli mübariz insanlar sanki dinlərdə olan məzhəb və təriqətlər halında bölünərək özləri-özləri ilə liderləri uğrunda düşmənçilik aparırlar.
Göründüyü kimi xalqımızın bu günki durumunun günahkarı hakimiyyətlə bərabər intiriqabaz, birləşdiricilikdən daha çox quruplaşdırmağa meyilli olan “liderlərdir”. Siyasi səhnəni təsirlərində olan mətbuat orqanları və “fanat aşiqi”liderlərinin sayəsində monopoliyaya alan bu insanlar yeni qüvvənin də yaranmasına mane olurlar.
Artıq Azərbaycan faciəyə sürüklənir.Bəlkə də bu günə qədər ölkəmizin belə çətin bir durumu olmamışdır. Ölkədə hüquqsuzluq hökm sürür,Qarabağ məsələsində çox ciddi vaxt itkisinə məruz qalmışıq,sosial problemlərin səbəb olduğu ailə dağılmaları günü-gündən artır,maddi imkansızlığa görə əxlaqsızlıq günü-gündən artaraq millətimizin əsrlər boyu qoruduğu əxlaqi dəyərlərimiz aradan gedir, gənclərimizin arasında elmdən daha çox cinayət aləminə meyillənmək həvəsi durmadan artır. Belə bir durumda xalqın baş bilənləri necə deyərlər papaqlarını qabaqlarına qoyub fikirləşməli, gələcəkdə lənətlənməmək üçün milli birliyi əldə etməlidirlər. Savadlı aydınlarımız xalqa bu günki durumu ilə barabər uzaq ideyalar ətrafında birləşməyi aşılamalıdırlar. Ən azından bunu özlərinin gələcəkdə xoş sözlərlə xatırlanmaları üçün etməlidirlər.
Bu gün hər birimiz sanki “ağ atlı oğlanın” gəlməsini gözləyirirk.Ancaq o“ağ atlı oğlanlar”bu gün bizlərin arasındadırlar və həm də kifayyət qədər çoxdurlar. Sadəcə onların başları “lider” davasında cəng etməyə qarışıb. Bunlar anlamalıdırlar ki, çiyinlərində bu gün başlarını qatdıqları intiriqalardan daha çox ciddi məsuliyyət var. Xalqı irticadan azad etmək üçün birləşmək lazımdır. Özlərini Rəsulzadəçilər, Elçibəyçilər adlandıran bu adamlar Rəsulzadənin və Elçibəyin həyatlarını fəda etdikləri, bu gün tapdaq altında olan vətənimizi azad etməklə o böyük insanların ruhlarınl şad etməlidirlər.
Bir daha papağınızı qarşınıza qoyub fikirləşin bəylər, yoxsa sonra nə papaq olacaq nə də fikirləşməyə baş!