|
Savalan Məmmədli
Düşünmək, həqiqətən də, böyük nemətdir. Bu gecə insanların bir çoxunun açıq həqiqətlərə, elmin ortaya qoyduğu vacib nəticələrə nə üçün belə biganə yanaşdığını düşünürdüm. Öncəliklə, insanların hadisələrə qarşı niyə heç reaksiya vermədiyi mənə çox təsir etdiyi üçün bunun mənşəyini düşünürdüm. Ardınca düşüncələrim uzandı və bu məqalə yarandı.
Düşündüyüm şeylərdən biri də o idi ki, daha çox nə edə bilərik? İnsanların diqqətini dünyadakı bu qeyri-adi və fövqəladə hadisələrə necə yönəldə biləcəyimiz barədə düşündüm. Dünyanın müxtəlif yerlərində hər gün milyonlarla insan davamlı müharibə vəziyyətinin doğurduğu ölüm və işgəncə ilə, aclıq, səfalət və hər cür zülmlə qarşı-qarşıyadır. Tarixin heç bir dövründə olmamış fövqəladə hadisələr qısa müddətdə tez-tez baş verir. Dünyanın sonu yaxınlaşır, Qiyamət əlamətləri gerçəkləşir və bunlar elmi faktlarla təsdiqlənir. Lakin yenə heç kimi maraqlandırmır. Bu indiki vəziyyətdə sadaladıqlarımı nəzərə alsaq, insanların iman etməyi üçün çalışmağın nə qədər əhəmiyyətli olduğunun bir daha fərqinə vara bilərik. Hətta bu dəqiqə üçün dünyadakı ən vacib işin bu olduğunu da qeyd edə bilərəm. İndi görüləcək ən vacib iş insanların imanına vəsilə olmağa çalışmaqdır. Nə üçün? Çünki imanı olmayan, vicdanını çoxdan tərk edən və yalnız öz mənfəətlərini və gələcəyini düşünən eqoist birisinə işgəncə görən, aclıqdan ölən, səfil vəziyyətdə yaşayan milyonlarla insanın vəziyyətini xatırlatmaq bir işə yaramır. Çünki nəfs ağılı örtdüyü üçün ağıllı düşünə bilmir. Əslində, fədakarlığın ağıllı davranış olduğunu dərk edə bilmir. Böyüdüyü cəmiyyətdə ona darvinizmdən qaynaqlanan eqoist əxlaq aşılanır. Hər gün yüz dəfə eyni şeylər xatırladılsa belə, eqoist bir insan üçün fərqi yoxdur ki, dünyada kim ölür, kim işgəncə görür, hara dağılır və ya hara batır. Eqoist əxlaq ağıllı insana məxsus kimi təqdim olunur. Materializmin hakim olduğu cəmiyyətlərdə, yəni dünyanın demək olar ki, hər yerində eyni əxlaq aşılanır. Hər kəs uşaqlıqdan eyni təfəkkürlə böyüyür. Bu əxlaqın əsas göstəricisi eqoist olmaqdır. Yəni ancaq özünü düşünmək, öz ailəsini, öz gələcəyini, öz işini, öz karyerasını, öz həyatını və s. “Öz” əsaslı bu yanlış əxlaqda yalnız mənfəət nəzərə alınır və mənfəətini güdən insanlar, yəni bu eqoist əxlaqı ən yaxşı tətbiq edənlər ən ağıllı sayılır. Fədakarlıq edənlər, başqalarına kömək edənlər isə ağılsız sayılır. Buna yəqin ki, hər kəs şahid olmuşdur. Siz nə zaman maddi mənfəətlərinizi kənar qoyub başqası üçün daimi və qarşılıqsız yaxşılıq etsəniz, başda ailəniz olmaqla hamı tərəfindən qınanarsınız. Yəni nə üçün özünü kənara qoyub başqaları üçün yaşayasan? Bu, eqoist əxlaqa görə ağılsızlıqdır. Əslində isə doğru olan bunun tərsidir. Gerçək ağıl fədakarlıq etməkdir. Bəs bu gerçək ağıla insanlar necə sahib ola bilərlər ki, hər kəs şəxsi mənfəətini kənara qoyub bir-birinə yardım etsin, dünyadakı hadisələrə biganə qalmasın? Bunu təmin etməyin yolu insanların imanına vəsilə olmaqdır. Çünki ağıl imana bağlıdır. İmanın nisbətində ağıl olur. Ağılla düşünən insan isə artıq şüuru açıq olur və vicdanın səsini dinləyə bilir. Eqoist insan isə çox zəki ola bilər, lakin bu zəkasını yenə öz mənfəətlərindən başqa heç bir şey üçün sərf edə bilmir. Çünki eqoist insan üçün öz həyatından və özündən daha dəyərli heç bir şey yoxdur. Dünyanın xaotik bir mübarizə meydanı olduğunu, canlıların təsadüfən öz-özünə yarandığını və təkamül yolu ilə çeşidlənib inkişaf etdiyini düşünür. Həyatda qalmağın yolunun da daimi mübarizədə olduğuna inanır. Bu mübarizədə sağ qalmaq üçün yalnız özünü və öz mənfəətlərini düşünür. Belə düşünən insan üçün başqalarına yardım etmək, təbii ki, ağılsızlıqdır. Lakin reallıq bu düşüncədəki insanların inancından fərqlidir. Dünya xaotik yer deyil, canlılar təsadüfən əmələ gəlməyib və təkamül də keçirməyiblər. Lakin materializm əsaslı təkamül fərziyyəsi inanc olaraq hər yerə hakim olduğu üçün dünyadakı hal-hazırkı bu vəziyyət müşahidə olunur. İnsanlar dünyanın və canlıların Allah tərəfindən yaradıldığının elmi isbatlı dəqiq olduğunu, təkamül fərziyyəsinin əsassız olduğunu və dünyada yaşamaq üçün bir-birini öldürməyin lazım olmadığını, dünyanın hamının yaşaması üçün yetərli olduğunu, dünyanın gerçək məkan olmadığını və maddənin gerçək mahiyyətinin olmadığını, müasir elmin materializmi çoxdan çökdürdüyünü, dolayısilə, axirətin varlığının elmi əsaslı olduğunu insanlara çatdırmaq ən vacib olan işdir. Əvvəldə də qeyd etdiyim kimi, əks təqdirdə, eqoist zehniyyətə sahib heç kimin mənfəətlərinə açıq ziyan dəymədikcə dünyada baş verən heç bir hadisənin əhəmiyyəti yoxdur. Məhz dünyadakı bəlaların getdikcə artmağının əsas səbəblərindən birinin eqoizm olduğunun geniş şəkildə bilinməsi və bu yanlış əxlaqın tərk edilməsinin təmin edilməsi ən vacib işlərdən biridir.
Həll yolunu daha da qətiləşdirsək, ən vacib olan iş materializmə qarşı güclü elmi mübarizə aparmaq, dünyada yüksək səviyyədə Allah`ın varlıq dəlillərini anlatmaq, insanların imanına vəsilə olmağa çalışmaqdır. Dünyada bu işləri görən insanlardan daha vacib iş görən ola bilərmi? Məncə yox. Gerçək mənada dünyanın və insanlığın xilası budur.