|
Qafar Şövqi
Yenə saçın dağınıq, yenə rəngin qaçmış və yenə qəlbin pərişan. Elə bil Bakının dar küçələrində kimisə, nəyisə axtarırsan...Bir adam lazım. Baxışlarını küçələrdən yığışdırmağa. Ürəyinə rahatlıq verməyə, ruhunu dincəltməyə bir adam lazım. Köhnə sovet binasının doqquzuncu mərtəbəsinin eyvanından Bakıya baxmağın ayrı ləzzəti var. Xoşbəxtlikdən bunu səndən başqa kimsə bilmir. Bu boyda xoşbəxtliyi tək yaşayırsan. Heç sən də bu günə kimi bilmirdin. Bilmirdin ki, kirayə verilən mənzillərin eyvanında xoşbəxtliklər gizlənir. Ucuz siqaretdən filəyib "qarışqa adamlar"a baxmaq, insana bir başqa böyüklük gətirir.
Amma yox...Sən deyəsən bu eyvana təkcə siqaret çəkmək üçün çıxmamısan. Yoxsa... Allah qorusun. Adam heç fikirləşmək belə istəmir. Çox təəssüflər olsun ki, mən düşüncəmdə yanılmamışam. Deməli bütün bədbəxtliklər elə xoşbəxtliklərin yanında olur. Biz insanlar eyvana nəfəs almaq üçün, təmiz hava almaq üçün çıxırıq. Amma elə zibil qabını da eyvana qoyuruq. Bu da olur gözəlliklərlə-eybəcərliklərin vəhdəti. Bəlkə elə bədbəxtlik xoşbəxtliyin arxasında gizlənir? Lazım olmayan vaxtda aşkara çıxıb, özünü göstərir. Bəzən də insan ömrünün mənasızlığından şikayətlənib, bədbəxtçiliyin aşkara çıxmasına imkan yaradır. Bu bir növ, kənddən şəhərə gələn toy dəvətnaməsi kimidir.
Artıq üçüncü siqaretdir çəkirsən. Ağzından çıxan siqaret tüstüləri də səni çəkib tamam başqa aləmə aparmaq istəyir. Daxilində kəskin müharibə gedir. Xeyir və şər. Amma deyəsən yenə də şər qalib gəlir. Sən artıq bir ayağını dəmir barmaqlığın üzərindən aşırmısan. Qalıb o biri ayağın və son...
Amma göz yaşları içində özün də tərəddüd edirsən. Mən bu intihar addımlarını bu ayaqlara yaraşdırmadım. Təslim olmağı bu ürəyə yaraşdırmadım. Bir düşün. Sən özünü yaşadığın binanın eyvanından atmaq qərarına gəlmisən. Amma yerdə adamlar yığışıb, sənə kömək etmək niyyətində deyillər. Əksinə, sənin intihar edib-etməyəcəyin haqda mərcə girirlər. Cavanlar telefonlarını çıxarıb sənin ölüm səhnəni kino kimi çəkib, youtube.com saytına yerləşdirib qəhrəman olmaq istəyirlər. Sən də ölümünlə bu çirkli qəlbli adamları sevindirmək istəyirsən. Dəyməz, vallah dəyməz. Ağılını yığ başına. Gir evə. Bir azdan məsciddən azan sədaları ucalacaq. Namaz vaxtı gələcək. Namaz-Allahla görüş. Bu fürsəti özündən uzaqlaşdırma. Allahla həmsöhbət olmaq varkən, insanlar niyə xoşbəxtliklərin azlığından gileylənirlər?
Ay sağ ol. Əhsən sənə. Çox sağ ol sözlərimə diqqətlə qulaq asıb, düzgün nəticə çıxartdığına görə. Mənə daim qulaq as. Mən özgə deyiləm. Mən sənin vicdanınam...
AzadXeber.az