|
Nərmin Kərimzadə
Hər insan özünü dərk etdiyi andan etibarən kim olduğunu, niyə yaradıldığını, həmçinin kainatın və dünyanın necə, niyə yaradıldığını düşünməlidir. Özünə buna bənzər suallar verməli və cavablarını axtarmalıdır. Bu suallar haqqında düşünən şəxs dünyada var olmasının mütləq bir məqsədi olduğunu, heç nəyin başlı-başına, təsadüfən mövcud olmadığını dərk edər, yaxud da hər şeyin təsadüfən, heç bir məqsədi olmadan mövcud olduğunu fikirləşər. Məhz bu ikinci düşüncə tərzi maddənin əbədi və əzəli olduğunu iddia edən materialist fəlsəfəyə əsaslanır.
Materialist fəlsəfə tarixdəki ən qədim düşüncələrdən biridir. Materialist fəlsəfənin təməl xüsusiyyəti maddəni mütləq varlıq hesab etməsidir. Bu fəlsəfəyə əsasən, maddə əbədi və əzəlidir, mövcud olan hər şey maddədən ibarətdir. Materialist fəlsəfə maddənin xaricindəki hər şeyi inkar edir. Beləliklə də, materialist fəlsəfə bir Yaradıcının olduğu fikrinə tamamilə qarşıdır. Materializmə görə, elm Yaradıcını qəbul etmək məcburiyyətində deyil, elm sadəcə təbiəti araşdırmalı və nəticələr əldə etməlidir.
Araşdırsaq, materialist fəlsəfənin qədim tarixə malik olduğunu və qədim yunan dinlərinə qədər gedib çıxdığını görərik. Lakin bu düşüncə tərzi XIX əsrdən etibarən geniş yayılmağa başlamışdır. Bu qədər geniş yayılmasının səbəbi isə guya bu fəlsəfəni elmi yöndən sübut edən təkamül nəzəriyyəsidir. Bu nəzəriyyəyə əsasən, canlılar cansız maddələrdən təsadüfən meydana gəlib və təkamül keçirərək insana çevrilib. Qədim yunan filosoflarının da müdafiə etdiyi materializm təkamül nəzəriyyəsinə əsaslanaraq hələ də Allah`ın varlığını və dini inkar edən ideologiyaların təməlini təşkil edir.
Əslində, materialist fəlsəfənin elmə əsaslandığını iddia etmək çox yanlışdır. Çünki maddənin əbədi və əzəli olduğu fikri “Biq Bənq” nəzəriyyəsi ilə kökündən çürüdülmüşdür. Bunun üçün də “Biq Bənq” (Böyük partlayış) nəzəriyyəsinin dəlilləri elm dünyası tərəfindən qəbul ediləndən sonra bir çox materialist fəlsəfəyə bağlı olan astrofiziklər bu nəzəriyyəyə qarşı çıxmağa çalışmış, sonsuz kainat fikrini tərk etmək istəməmişdilər. Bunlardan biri olan Artur Eddinqton: "Fəlsəfi olaraq kainatın hal-hazırkı quruluşunun birdən-birə başlaması fikri mənə yad gəlir", -deyə öz etirazını bildirmişdi. (S. Jaki, Cosmos and Creator, Regnery Gateway, Chikago, 1980, s. 54)
Lakin “Biq Bənq” nəzəriyyəsinin sübut edilməsi ilə maddənin əzəli olduğu fikri öz etibarlılığını itirmişdir. Beləliklə də, materialist fəlsəfənin əsaslandığı təkamül nəzəriyyəsinin də iddia etdiyi kimi, maddənin əbədi və əzəli olduğu, canlıların isə cansızlardan yarandığı iddiası tamamilə yanlışdır. Hətta materialist fəlsəfəni müdafiə edən elm adamları da bu düşüncələrini elmə əsaslandırmadıqlarını, öncədən inandıqları bir inancı əsaslandırmağa çalışdıqlarını etiraf edirlər. Məsələn, Harvard Universitetinin məşhur genetiki və eyni zamanda, təkamülçü elm adamı Riçard Levontin əvvəl materialist, sonra alim olduğunu belə etiraf edir:
“Bizim materializmə inancımız var, "a priori" (əvvəldən qəbul edilmiş, doğru fərz edilmiş) inancdır bu. Bizi dünyaya materialist izah gətirməyə məcbur edən şey elmin üsulları və qaydaları deyil. Əksinə, materializmə olan "a priori"yə bağlılığımız səbəbi ilə dünyaya materialist izah gətirən araşdırma üsullarını və anlayışları hazırlayırıq. Materializm mütləq doğru olduğuna görə, ilahi izahın səhnəyə girməsinə icazə verə bilmərik”. (Richard Lewontin, "The Demon-Haunted World", The New York Review of Books, 9 yanvar, 1997, səh. 28)
Sonda isə Artur Koestlerin “Materializmin elmi düşüncə olduğunu artıq heç kim iddia edə bilməz” fikrini vurğulayaraq hər kəsi əvvəldə verdiyim sualların cavabını vicdanla, səmimi şəkildə düşünməyə dəvət etmək istəyirəm. Çünki bizi yaradan Allah Onu tanımağımız üçün bizə vicdan və ağıl bəxş edib. Səmimi şəkildə baxdığımız zaman həm öz yaradılışımızda, həm də bütün kainatda Allah`ın varlığını sübuta yetirən dəlillərin hər tərəfdən bizi əhatə etdiyini görə bilərik. Çünki həqiqi mütləq varlıq maddə deyil, Allah'dır.